CƏMİYYƏT
İsveçrənin tanınmış eksperti azərbaycanlı jurnalistlər üçün seminar keçib
Bakı, 10 aprel, AZƏRTAC
Aprelin 10-da Mətbuat Şurasında İsveçrənin tanınmış media və PR eksperti, pedaqoq Aleksandra Stark kütləvi informasiya vasitələrinin bir qrup təmsilçisi üçün seminar keçib.
Mətbuat Şurasından AZƏRTAC-a bildiriblər ki, Şuranın İsveçrənin Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil edilən seminar əsasən onlayn media, media marketinqi və sosial şəbəkələr mövzusunda olub.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov təlimçi A.Stark barədə məlumat verib, ekspertin çoxillik təcrübəsinin Azərbaycan jurnalistləri üçün faydalı tərəflərinə diqqət çəkib. O, həmçinin bildirib ki, rəhbərlik etdiyi qurumla İsveçrənin Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı davamlı olacaq. İsveçrədən Azərbaycana, Azərbaycandan da İsveçrəyə jurnalist səfərlərinin təşkilinin vacibliyi qeyd olunub.
“Bugünkü seminar ilk addımdır. Hesab edirəm ki, İsveçrə kimi media təcrübəsinə malik ölkədən öyrənilməli çox məsələlər var. Ölkənin Azərbaycandakı səfirliyi də buna uyğun olaraq təşəbbüslər irəli sürür. Bu, sevindirici haldır. Xanım Stark aprelin 11-də Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri üçün də seminar keçəcək”, - deyə Mətbuat Şurasının sədri bildirib.
İsveçrənin Azərbaycandakı səfiri Filip Stalder də çıxışında rəhbərlik etdiyi diplomatik missiyanın Mətbuat Şurası ilə əməkdaşlığından danışıb, məsələnin faydalı tərəflərini vurğulayıb. O qeyd edib ki, son 20 ildə internetin sürətli inkişafı nəticəsində ən çox dəyişikliyə məruz qalan sahə məhz mediadır. Buna görə də sahəyə spesifik yanaşma mütləqdir. Belə yanaşma həm də medianın IV hakimiyyət missiyası ilə əlaqədardır.
Səfir İsveçrədə media qurumlarına xas göstəricilərdən danışarkən vurğulayıb ki, 4 rəsmi dili olan ölkənin media palitrası da kifayət qədər zəngindir. Belə ki, İsveçrədə müxtəlif dillərdə fəaliyyət göstərən kütləvi informasiya vasitələri var. 6 milli telekanal, 13 milli radio, çoxlu sayda özəl telekanallar fəaliyyət göstərir. Çap mediasına gəlincə, burada hər sahə üzrə ayrıca nəşrlərin mövcudluğu diqqət çəkir.
Sonra seminar öz işinə başlayıb. 20 kütləvi informasiya vasitəsi təmsilçisinin qatıldığı seminarda ekspert A.Stark iştirakçılara yeni media, informasiya texnologiyalarının inkişafının doğurduğu mənzərənin jurnalist fəaliyyətinə təsiri, etik standartlar və sair mövzularda məlumatlar verib, sualları cavablandırıb.
Seminar qarşılıqlı fikir mübadiləsi şəraitində keçib.