MƏDƏNİYYƏT


İsveçrənin tanınmış pianoçusu Bakıda konsert proqramı ilə çıxış edəcək VİDEO

Bakı, 12 yanvar, AZƏRTAC

Yanvarın 12-də İsveçrənin Azərbaycandakı səfirliyində tanınmış pianoçu Silvan Zinggin Bakıda təşkil olunacaq “Bugi-vugi” konsertinə həsr olunmuş mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, İsveçrənin Azərbaycandakı səfiri Filip Stalder “Bugi-vugi” janrı haqqında məlumat verib. Qeyd edib ki, bu musiqi janrı ötən əsrin 40-cı illərində xüsusi piano musiqisi kimi blüz janrı əsasında yaranıb. “Bugi-vugi” Nyu-York, Çikaqo, Detroyt şəhərlərində məşhur olub və qısa zamanda Avropaya yayılıb. Bu, sadəcə musiqi deyil, həm də bir rəqs növüdür. İsveçrədə “Bugi-vugi” çox yayılıb və ölkədə bu janrın adını daşıyan milli komanda da fəaliyyət göstərir.

Diplomat İsveçrə səfirliyinin Azərbaycanda mədəniyyət sahəsində bir sıra tədbirlər keçirəcəyini söyləyib. Onun sözlərinə görə Gəncədə İsveçrə filmlərinin nümayişi planlaşdırılır, həmçinin Azərbaycanda Frankofoniya Günləri çərçivəsində fotosərginin təşkili nəzərdə tutulur.

Bildirilib ki, İsveçrə pianoçusu Silvan Zingg bir çox tanınmış məşhurlarla eyni səhnəni bölüşüb. Tənqidçilər onun qeyri-adi pianoçu kimi təsvir edirlər. S.Zinggin ən böyük hiti olan “Dancing The Boogie” musiqisi “Youtube”da 8,1 milyondan çox izlənilib. Onun bu növ musiqi janrına olan ehtirası 2002-ci ildə İsveçrədə indi də uğurlu olan “Luqano Beynəlxalq Bugi-Vugi” Festivalını təsis etməsinə səbəb olub.

Qeyd edilib ki, Silvan Zingg yanvarın 27-də Beynəlxalq Muğam Mərkəzində, 28-də isə “The Landmark Hotel Baku”da çıxış edəcək.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.