İDMAN
İsveçrənin və Macarıstanın qadın həndbolçuları “EYOF Bakı 2019”a qələbə ilə başlayıblar
Bakı, 22 iyul, AZƏRTAC
İyulun 22-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalının həndbol yarışlarında ilk görüşlərə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, yarışların ilk görüşlərində qadınların mübarizəsində B qrupunda yer alan komandalar - Azərbaycan və İsveçrə seçmələri Bakı İdman Sarayında, “ABU Arena”da paralel keçən qarşılaşmada isə Macarıstan və Çexiya həndbolçuları qarşılaşıblar.
Azərbaycan yığma komandası birinci görüşdə İsveçrə seçməsinə 16:34 hesabı ilə uduzub. Digər oyunda isə Macarıstan yığması 30:22 hesabı ilə Çexiya millisinə qalib gəlib.
Qeyd edək ki, həm qadın, həm də kişi həndbolçuların yarışlarının hər birində səkkiz komanda iki qrupda yer alıb. Qadınların yarışında A qrupunda İspaniya, Fransa, Hollandiya və Rumıniya, B qrupunda Azərbaycan, Çexiya, Macarıstan və İsveçrə yığmaları mübarizə aparırlar. Kişilərin mübarizəsində isə Azərbaycan, Danimarka, Almaniya və Serbiya milliləri A qrupunda, Xorvatiya, Fransa, İslandiya və Sloveniya seçmələri isə B qrupunda yer alıblar.
Həndbol yarışlarına iyulun 27-də yekun vurulacaq.