İDMAN
İtaliya A Seriyası: “Yuventus” ardıcıl üçüncü qələbəsini qazanıb
Bakı, 2 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
İtaliyanın “Yuventus” klubu futbol üzrə İtaliya A Seriyasının üçüncü turunda “Parma” üzərində qələbə qazanıb.
AZƏRTAC xəbər verir ki, turinlilərin portuqaliyalı hücumçusu Kriştiano Ronaldo bu dəfə də komandada qol hesabını aça bilməyib.
“Ennio Tardini” stadionunda keçirilən görüş 2:1 hesabı ilə “qoca sinyora”nın xeyrinə başa çatıb.
Oyunda hesabı “Yuventus” klubu erkən qolla açıb. Juan Kuadradonun ötürməsini Mario Mandzukiç dəqiq baş zərbəsi ilə tamamlayıb. Qarşılaşmanın 33-cü dəqiqəsində “Yuventus” klubunun müdafiəçilərinin səhvini “Arsenal” klubunun keçmiş futbolçusu Qervinyo bağışlamayıb.
Birinci hissə 1:1 hesabı ilə yekunlaşıb.
İkinci hissənin 58-ci dəqiqəsində Mario Mandzukiç yenidən diqqət mərkəzində olub, bu dəfə o, daban ötürməsi ilə Bleza Matuidini qapıçı ilə üz-üzə qoyub, sonuncu dəqiq zərbə ilə baxımlı qola imza atıb. Bu oyunda son qol olub. Beləliklə, “Yuventus” klubu İtaliya A Seriyasında ardıcıl üçüncü qələbəsini qazanıb.
Günün digər oyununda Milan şəhərin təmsilçisi “İnter” klubu səfərdə “Bolonya” klubunun qonağı olub. Görüş “neradzura”nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. “İnter” klubunun heyətində Raca Naingolan, Antonio Kandreva və İvan Perişıç fərqləniblər.
Qeyd edək ki, İtaliya A Seriyasının üçüncü turuna “Milan-“Roma” oyunu ilə start verilmişdi. “San Siro" stadionunda keçirilən qarşılaşmada hesabı meydan sahibləri açıblar. Rikardo Rodriqezin cinah ötürməsindən sonra Frank Kessi fərqlənib - 1:0. Birinci hissədə “rossoneri”lər qapı qarşısında bir neçə təhlükəli vəziyyət yaratsa da, hesab dəyişməyib.
Fasilədən sonra üstünlüyü ələ alan Genaro Qatuzonun yetirmələri yenidən fərqləniblər. Oyunun baş hakimi Marko Quida VAR sistemindən istifadə edərək qolu hesaba almayıb. Belə ki, Bonaventuranın ötürməsindən sonra “Milan”ın yeni transferi Qonsalo Huquayin oyundankənar vəziyyətdə olub.
Matçın 59-cu dəqiqəsində qonaqlar meydan sahiblərini əks hücumda yaxalayaraq hesaba tarazlıq gətirib. Federiko Fazio adını tabloya yazdırıb - 1:1. Bu qol oyunda sonuncu olmayıb. Əsas vaxta əlavə olunmuş dördüncü dəqiqədə (94) “Milan” qələbə topunu vurub. Qonsalo Hiquayın ötürməsindən sonra “Milan”ın gənc oyunçusu Patrik Kutrone qapıçı ilə təkbətək qalaraq mübarizədən qalib ayrılıb. Beləliklə, “Milan” ilk ev oyununu qələbə ilə başlayıb.