İDMAN
İtaliya A Seriyası: "Milan" doğma meydanda "Sampdoriya" klubunu məğlub edib
Bakı, 29 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
Oktyabrın 28-də İtaliya çempionatının 10-cu turun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turun maraq doğuran oyunu "San Siro" stadionunda keçirilib. "Sampdoriya" klubu "Milan"nın qonağı olub. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. "Rossoneri"lərin heyətində Patrik Kutrone, Qonsalo Hiquayin və Suso, qonaqlardan isə Rikardo Saponara və Fabio Quagliarella fərqləniblər.
Turun mərkəzi qarşılaşmasında isə "Napoli" və "Roma" klubları arasında oynanılıb. Bu görüşdə qalib müəyyənləşməyib (1:1).
"Karlo Kastellani" stadionunda keçirilən qarşılaşmada son çempion "Yuventus" autsayder "Empoli" klubunun qonağı olub. Görüş "qoca sinyora"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı meydan sahibləri açıb. Rəqib qapısına topu 28-ci dəqiqədə Francesko Kaputo vurub. Fasiləyə üstün yollanan "Empoli" qarşılaşmanın ikinci hissəsində qapısında iki qol görüb. Hər iki qolun müəllifi turinlilərin yeni transferi Kriştiano Ronaldo olub. Bu dubl sahəsində portuqaliyalı hücumçu İtaliya çempionatında qollarının sayını 7-yə çatdırıb. Ronaldo bombardirlərin siyahısında "Genoa"nın polşalı hücumçusu Kşiştof Piontekdən sonra ikinci yerdədir.
Turun digər oyunları belə nəticələnib:
"Atalanta"-"Parma" - 3:0
"Torino"-"Fiorentino" - 1:1
"Sassuolo"-"Bolonya" - 2:2
"Kalyari"-"Kyevo" - 2:1
"Genoa"-"Udineze" - 2:2
SPAL-"Frosinone" - 0:3.
Qeyd edək ki, tura bu gün keçiriləcək "Lazio"-"İnter" oyunu ilə yekun vurulacaq.