İDMAN


İtaliya A Seriyası: "Milan"ın yeddi oyunluq məğlubiyyətsiz seriyası davam edir

Bakı, 17 fevral, AZƏRTAC

İtaliya A Seriyasının 24-cü turunun növbəti oyunu oynanılıb.

AZƏRTAC xəbər verir ki, cari mövsüm stabil oyunu ilə diqqət çəkən "Milan" "Atleti Azzuri" stadionunda "Atalanta" komandasının qonağı olub.

İlk dəqiqələrdən hər iki komanda bir-birinin qapısı qarşısında təhlükəli vəziyyətlər yaradıb. Matçın 35-ci dəqiqəsində meydan sahibləri hesabı açmağa nail olublar. Remo Freuler adını tabloya yazdırıb - 1:0. Birinci hissənin başa çatmasına bir dəqiqə qalmış "Milan" hesaba tarazlıq gətirib. Qış transfer pəncərəsində milanlıların heyətinə qatdığı polşalı Kşiştof Piatek Rikardo Rodriqezin cinah ötürməsini qola çevirib - 1:1. Fasiləyə komandalar heç-heçə ilə yollanıblar.

Qarşılaşmanın ikinci hissəsində qonaqlar hücumların kəsərini artıraraq hesabda önə keçiblər. Müdafiəçilərin qaytardığı topu Hakan Çalxanoğlu qüvvətli zərbə ilə tamamlayıb - 1:2. Bu da oyunda son qol olmayıb. Matçın 61-ci dəqiqəsində Hakan Çalxanoğlunun künc ötürməsindən sonra topa hamıdan tez yetişən Kşiştof Piatek dublunu rəsmiləşdirib - 1:3. Bu, polşalı hücumçunun cari mövsüm İtaliya A Seriyasında vurduğu 16-cı qolu olub. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.

Bu qələbədən sonra "Milan" xallarının sayını 42-yə çatdıraraq turnir cədvəlində dördüncü mövqeyini qoruyub saxlayıb, "Atalanta" isə 38 xalla 7-ci yerdə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.