RƏSMİ SƏNƏDLƏR


İtaliya-Azərbaycan Ticarət Palatasının (İTAZERCOM) prezidenti Manuela Traldidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Zati-aliləri xanım Mehriban Əliyevaya

Hörmətli cənab Prezident,

Sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi və son günlərdə dinc sakinlər arasında itkiyə səbəb olan hücumlarını dərin kədər və narahatlıq hissi ilə yaxından izləyirəm.

Sizə və hörmətli Birinci vitse-prezident Mehriban xanıma ölkənizdə mülki insanların həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığı verir, eləcə də həm İtaliya-Azərbaycan Ticarət Palatası, həm də şəxsən mən bu cür hücumları qətiyyətlə pisləyir, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək hüququnu birmənalı şəkildə dəstəkləyirik.

Biz İtaliyada rəsmi ikitərəfli biznes təşkilatı və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) milli nümayəndəliyi olaraq, münaqişə ilə bağlı doğru məlumatları yayır, cəmiyyətimizdə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələri ilə bağlı təbliğat işi aparırıq.

Biz münaqişənin bu çərçivədə və beynəlxalq hüquqa uyğun olaraq öz həllini tapmasını səbirsizliklə gözləyirik. Həmçinin sülhün və sabitliyin, eləcə də Azərbaycanın suverenliyinin bərpa edilməsindən sonra Dağlıq Qarabağın və bütün bölgənin daha parlaq gələcəyi olacağına ümid bəsləyirik.

Hörmətli cənab Prezident, hörmətli Birinci vitse-prezident Mehriban xanım, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Manuela Traldi
İtaliya-Azərbaycan Ticarət Palatasının (İTAZERCOM) prezidenti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin