SİYASƏT
İtaliya KİV-ləri Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısından yazır
Roma, 16 fevral, AZƏRTAC
İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələri, o cümlədən “Repubblica”, “Askanews”, “Milano Finanza”, “Trend-online”, “Agenzia Nova”, “Energiaoltre”, “La Gazzetta del Mezzogiorno”, “Borsa Italiana”, “Agenparl”, “Scenari Internazionali”, “Notizie Geopolitiche” kimi qəzet, xəbər agentliyi və portallar Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısına geniş diqqət ayırıb.
AZƏRTAC xəbər verir ki, informasiyalarda Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu, Cənub Qaz Dəhlizinin önəmi, toplantıda müzakirə olunmuş mövzular, layihənin icrası istiqamətində əldə olunmuş nəticələr, gələcək fəaliyyət planları barədə məlumat verilir. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçin, İtaliyanın iqtisadi inkişaf nazirinin müavini İvan Skalfarottonun, TAP-ın icraçı direktoru Luka Schieppatinin, TAP-ın prezidenti Ualter Peeraerin və digər iştirakçıların tədbirdəki çıxışlarından fikirlərə yer verilir.
Məlumatlarda, eləcə də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ilə İtaliyanın iqtisadi inkişaf nazirinin müavini İvan Skalfarotto arasında keçirilmiş görüşdə müzakirə olunmuş mövzulara diqqət ayrılır, habelə nazir müavininə istinadən İtaliya hökumətinin TAP layihəsinin uğurla həyata keçirilməsində qərarlı olduğu bildirilir.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma