SİYASƏT


İtaliya Prezidenti Sercio Mattarella Xalça Muzeyi ilə tanış olub

Bakı, 19 iyul, AZƏRTAC

İyulun 19-da İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Xalça Muzeyi ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, qonaqlara xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verildi. Bildirildi ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən Muzeyin kolleksiyası nadir gözəlliyin, istifadə olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.

Diqqətə çatdırıldı ki, “qızıl fondu”nu xovlu xalçalar təşkil edən Muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir.

Qeyd edildi ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib və həmin gün ölkəmizdə Azərbaycan Xalçası Günü kimi qeyd olunur.

İtaliyanın Prezidenti Sercio Mattarella Muzeyin xatirə kitabına ürək sözlərini yazdı.

Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova ali qonağa xalça, qızı Laura Mattarellaya isə kəlağayı hədiyyə etdi.

Maddi-mədəni irsimizlə yanaşı, Muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu ali qonaqda xoş təəssürat yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.