SİYASƏT
İtaliya Senatının nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir
Bakı, 7 may (AZƏRTAC, Əsəd Məmmədov). İtaliya Senatının müdafiə komissiyasının sədri, Demokrat Partiyasının üzvü Nikola Latorrenin başçılıq etdiyi nümayəndə heyəti mayın 7-də Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstəsi qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstələri düzülmüşdür.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər düzmüşlər.
Nümayəndə heyətinin üzvləri Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etmişlər.