İDMAN
İtaliya futbolunun bosları dünya çempionatındakı uğursuzluqdan sonra bir-birinin ardınca istefa verirlər
Bakı, 25 iyun (AZƏRTAC). Futbol üzrə İtaliya yığmasının baş məşqçisi Çezare Prandelli komandası dünya çempionatının pley-off mərhələsinə çıxa bilmədikdən sonra istefa vermişdir. Qrup mərhələsinin üçüncü turunda Uruqvay komandası italyanları məğlub etdikdən sonra bu barədə mütəxəssisin özü məlumat vermişdir. İtaliya Futbol Federasiyasının prezidenti də ərizə yazaraq, işdən çıxarılmasını, Ç.Prandellinin saxlanılmasını tələb etmişdir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, dünya çempionatının qrup mərhələsinin sonuncu turunda italyanlar üzərində qələbə çalan (1:0) uruqvaylılar “D” qrupunda ikinci yeri tutaraq pley-off mərhələsinə çıxmışlar. Qalmaqallı matç zamanı yeganə qolu 81-ci dəqiqədə Diyeqo Qodin vurmuşdur. Daha əvvəl İtaliya yığmasının oyunçusu Klaudio Markizio qırmızı vərəqə almış, Cənubi amerikalıların forvardı Luis Suares rəqibini dişləməsinə baxmayaraq, meydanda qalmışdır.
İTAR-TASS agentliyi Ç.Prandellinin bu sözlərini sitat gətirir: “Bu uğursuz nəticəyə görə bütün məsuliyyəti öz üzərimə götürürəm. Federasiya ilə müqavilənin müddətini uzatdığım vaxtdan etibarən nə isə dəyişmişdir. Bunun səbəbini bilmirəm. Mənim müəyyən texniki planım var idi. Bu plan da kömək etmədi. Məhz buna görə istefa verirəm”.
KİV-lər Ç.Prandellinin mümkün varisləri arasında Luçano Spallettini fərqləndirirlər. Lakin bu mütəxəssisin İtaliya yığmasının məşqçisi təyin edilməsinə başlıca əngəl onun maliyyə tələblərinin yüksək olmasıdır.
İtaliya Futbol Federasiyasının prezidenti Cankarlo Abete də vəzifəsindən istefa verərək demişdir: “Mən istefa verirəm. Ümidvaram ki, federasiya şurasının növbəti iclasında Ç.Prandellini öz qərarından imtina etməyə inandıra biləcəklər”.
Oyundan söz açan Ç.Prandelli hakimlərdən narazı qaldığını bildirmişdir: “Meydanda on nəfər qalmasaydıq, rəqib qapımızdan top keçirə bilməzdi. Bu absurd qərar idi. Oyun gərgin mübarizə şəraitində keçirdi. Təbii ki, oyunçular qaydaları pozurdular. Lakin Klaudio Markizionun qayda pozuntusu qırmızı vərəqəlik deyildi. Hesab edirəm ki, Markizionun oyundan kənarlaşdırılması, Uruqvay komandasının hücumçusu, Kyelinini dişləməsinə baxmayaraq, qırmızı vərəqə almayan Luis Suareslə bağlı vəziyyət matçın əsas məqamları oldu. Hesab edirəm ki, pis oynamırdıq, axıradək mübarizə apardıq. Lakin hakim oyunu korladı”.
Uruqvay yığması 1/8 final mərhələsində “C” qrupunun qalibi ilə görüşəcəkdir. Matç iyunun 29-da Rio-de-Janeyroda keçiriləcəkdir.