SİYASƏT
İtaliya ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə məlumatlandırılıb
Roma, 2 oktyabr, AZƏRTAC
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə bu ölkənin aparıcı “Adnkronos” xəbər agentliyinə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı müsahibə verib.
AZƏRTAC xəbər verir ki, diplomat müsahibədə hazırkı toqquşmaların dayandırılmasının yeganə yolunun Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən təcili və qeyd-şərtsiz çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması olduğunu və başqa həll yolunun olmadığını bildirib.
M.Əhmədzadə xatırladıb ki, Azərbaycan 3 gün deyil, 30 ildir ki, müharibədədir və Ermənistanın siyasi, hərbi rəhbərliyi hazırkı vəziyyətə görə tam məsuliyyət daşıyır. Rəsmi Bakının yeganə məqsədi var: öz ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində öz suveren ərazisində təhlükəsizliyini təmin etmək. Çünki Ermənistan qoşunlarının Azərbaycan ərazilərində mövcudluğu bizim suverenliyimizə, eləcə də bütöv regionun sabitliyinə təhdiddir.
M.Əhmədzadə qeyd edib ki, hazırkı toqquşmaların səbəbi 30 ildən artıqdır Dağlıq Qarabağ regionu və ətraf yeddi rayon da daxil olmaqla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin Ermənistanın işğalı altında olmasıdır. Bu ərazilərdə Ermənistan bütün azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib və bir milyondan artıq vətəndaşımız öz doğma torpaqlarından zorla qovularaq qaçqın və məcburi köçkünə çevrilib və onların öz evlərinə qayıtmaq, hətta öz ailə üzvlərinin qəbirlərini ziyarət etmək hüququ pozulub. Ermənistan, həmçinin mülki azərbaycanlılara qarşı çoxsaylı müharibə cinayətləri, xüsusilə 1992-ci ildə Xocalı soyqırımını törətməkdə günahkardır.
Diplomat qeyd edib ki, bazar günü baş verənlər Ermənistanın son aylar həyata keçirdiyi təxribatların davamıdır. Bu təxribatlar sırasında 12-16 iyul tarixlərində Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində hücum etmək cəhdi, - bu ərazi Azərbaycanın karbohidrogen resurslarının Avropa bazarlarına, xüsusilə İtaliyaya nəql olunması üçün strateji əhəmiyyət daşıyır, - sonra 23 avqust tarixində Azərbaycanın Goranboy rayonu istiqamətində sabotaj-kəşfiyyat xarakterli təxribat, eləcə də Livandan gələn ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirilməsi siyasəti və baş nazir Nikol Paşinyanın inqilabi diktaturasının öz xalqının diqqətini ölkədəki daxili acınacaqlı vəziyyətdən və qeyri-real vədləri yerinə yetirə bilməməsindən yayındırmaq, Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədi kimi təxribatçı bəyanatlarını və fəaliyyətini qeyd etmək olar.
M.Əhmədzadə toqquşmalardan əvvəl Azərbaycanın bəyan etdiyi və bu döyüşlərdə təsdiq olunduğu kimi, işğal edilmiş ərazilərində Ermənistan tərəfindən Suriya və Livandan olan şəxslərin muzdlular kimi istifadə edilməsi məqsədilə yerləşdirildiklərini də bildirib.
Müsahibə ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq olar:
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Roma