İDMAN
İtaliya kuboku: “Milan” qələbəni son dəqiqədə əldən verib
Bakı, 14 fevral, AZƏRTAC
Fevralın 13-də futbol üzrə İtaliya kubokunun ikinci yarımfinal oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “San Siro” stadionunda keçirilən matçda əzəli rəqiblər – “Milan” və “Yuventus” klubları üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə başa çatıb.
Oyunda hesab ikinci hissədə açılıb. Matçın 61-ci dəqiqəsində Ante Rebiç Kastilyexonun ötürməsini dəqiq zərbə ilə tamamlayıb. Oyunun 71-ci dəqiqəsində “Milan”ın müdafiəçisi Teo Hernandes iknci sarı vərəqə alaraq meydandan qovulub. Qarşılaşmanın 90-cı dəqiqəsində “Yuventus” klubu hesaba tarazlıq gətirib. Hakimin təyin etdiyi 11-metrlik cərimə zərbəsini Kriştiano Ronaldo dəqiq yerinə yetirib.
Xatırladaq ki, mərhələnin birinci oyununda “İnter” klubu “Cüzeppe Meatsa” stadionunda “Napoli” komandasına minimal hesabla məğlub olub – 0:1.
“İnter” dörddədir final mərhələsində “Fiorentina”nı (2:1), “Napoli” isə “Latsio”nu (1:0) məğlub edib. “Yuventus” komandası “Roma”nı 3:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. “Milan” isə “Torino”dan üstün olub - 4:2.
Bu komandalar arasında cavab qarşılaşmaları martın 4-də və 5-də keçiriləcək.
İtaliya kuboku uğrunda turnirin reqlamentinə əsasən, yarımfinal mərhələsinə qədər qaliblər bir oyunun nəticəsinə əsasən müəyyən edilir.