SİYASƏT
İtaliya mediasında dərc olunan yazılarda ermənilərin Azərbaycanın diplomatik nümayəndəliklərinə və soydaşlarımıza qarşı törətdikləri təxribatlardan bəhs olunur
Roma, 27 iyul, AZƏRTAC
Son günlər erməni diasporunun radikal qrupları tərəfindən müxtəlif ölkələrdə Azərbaycanın diplomatik missiyalarına və Azərbaycan icmasının üzvlərinə qarşı törətdiyi vəhşiliklər İtaliya mətbuatının diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, İtaliyanın “Kmetro0”, “Gironale Diplomatico”, “Agenzia Nova” kimi kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlarda son günlər erməni diasporunun radikal qruplarının beynəlxalq səviyyədə erməni terrorçu təşkilatı kimi tanınan ASALA, eləcə də qatı ekstremist erməni Daşnaksutyun partiyasının bayraq və köynəkləri ilə Azərbaycanın Belçika, ABŞ, Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, Niderland və digər ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı son dərəcə aqressiv hücumları barədə yazıb. Yazılarda qeyd olunub ki, Azərbaycanının diplomatik missiyalarının binalarına, diplomatik heyətin və Azərbaycan icmasının üzvlərinə, onların mülklərinə qarşı vandalizm aktları həyata keçirilməklə yanaşı, bunu öz sosial şəbəkə hesablarında təşviq edirlər.
Məlumatlarda qeyd olunur ki, ABŞ-ın Kaliforniya ştatında yaşayan erməni icmasının 3000-nə yaxın ekstremist üzvü Los-Anceles şəhərindəki Azərbaycan Baş Konsulluğunun qarşısında etiraz aksiyası keçirərkən yerli polisin əmrlərinə məhəl qoymadan Azərbaycan icmasının 40 üzvünə bilərəkdən hücum edib. Nəticədə Azərbaycan icmasının biri qadın olmaqla 7 üzvü ciddi xəsarət alıb və onlardan 4-ü xəstəxanaya yerləşdirilib.
Habelə məlumatlarda bildirilir ki, Azərbaycanın Belçika Krallığındakı səfirliyinin qarşısında etiraz aksiyası keçirən ekstremist erməni qrupları səfirliyin binasına və heyətinə, eləcə də Azərbaycan icmasının üzvlərinə daş, kəsici iti alət və partlayıcı maddələrlə hücum edib. Nəticədə səfirliyin əməkdaşları, azərbaycanlılar və “REAL TV”-nin Avropa üzrə müxbiri Xatirə Sərdarqızı daxil olmaqla 6 nəfər ağır xəsarət alıb. Səfirliyin inzibati binası dağıntılara məruz qalıb, diplomatların ailə üzvlərinin yaşadığı əraziyə hücum cəhdi olub.
İtaliya mətbuatı bildirir ki, eyni vandalizm hərəkətləri Azərbaycanın Parisdəki səfirliyinə qarşı da həyata keçirilib.
Məlumatlarda deyilir ki, oxşar hadisələr digər ölkələrdə də qeydə alınıb. Habelə dərc olunmuş məlumatlarda qeyd olunur ki, sosial şəbəkələrdə ABŞ-da yaşayan ermənilərin azərbaycanlılara qarşı digər təxribatlar da hazırladıqları barədə məlumatlar yayılıb. “Instagram”da yaradılan və erməni əsilli şəxsə aid olan bir səhifə Kaliforniyada yaşayan Azərbaycan və türk əsilli şəxslərin yaşadıqları yer barədə məlumat toplamağı sorğu etmiş və səhifənin idarəçiləri anonimlik qorunmaqla məlumat verən şəxslərə 500 ABŞ dolları miqdarında pul mükafatı vəd ediblər.
Yazılarda bildirilir ki, ekstremist erməni qüvvələrinin bu vandalizmi nə Azərbaycan, nə də erməni terroru ilə üzləşən digər ölkələr üçün əslində yenilik deyil. Belə ki, 1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törətmiş, 24 türk diplomatı olmaqla 70-dən çox insanı qətlə yetirmişdir. Əlavə olunur ki, 1991-ci ildə Ermənistan respublikası müstəqilliyini bəyan etdikdən sonra Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək məqsədilə terroru dövlət siyasəti vasitəsinə çevirmiş və Azərbaycan ərazilərinin işğalı prosesində Azərbaycanın müxtəlif yerlərində terror vasitələrindən geniş istifadə etmişdir.
Erməni ekstremist qruplarının xaricdə yaşayan azərbaycanlılara qarşı real təhdid olduğunu nəzərə alaraq, Azərbaycan öz soydaşlarını maksimum diqqətli olmağa və radikal ermənilərin təxribatlarına uymamağa, təmkinlik və sakitlik nümayiş etdirməyə çağırır. Eləcə də beynəlxalq ictimaiyyətə də erməni radikal qruplarının Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə, diplomatik heyətin və Azərbaycan icmasının üzvlərinə qarşı nifrət cinayətinin qəti şəkildə pislənməsi üçün müraciət edir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Roma