SİYASƏT


İtaliya mətbuatı Azərbaycan Ordusunun “Qisas” əməliyyatından yazıb

Roma, 5 avqust, AZƏRTAC

İtaliyanın müxtəlif kütləvi informasiya vasitələri Azərbaycan Ordusunun Qarabağda qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinə qarşı keçirdiyi “Qisas” cavab əməliyyatından yazıb.

AZƏRTAC xəbər verir ki, yazılarda Azərbaycanın Müdafiə Nazirliyinin əməliyyatla bağlı yaydığı məlumata istinadla bildirilib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatının müddəalarını kobud surətdə pozaraq, avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib.

Yazılarda qeyd edilib ki, Azərbaycan Ordusunun keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb. Hazırda Azərbaycan Ordusu əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görür. Əməliyyat zamanı qeyri-qanuni erməni silahlı dəstələrinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, bundan başqa bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.

“Azərbaycan dəfələrlə bildirib ki, üçtərəfli Bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə zəruridir. Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks cavab tədbirləri daha da sarsıdıcı olacaq”, - deyə yazılarda bildirilib.

Bundan başqa, dərc olunan yazılarda Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat açıqlamasına da istinad edilərək bildirilib ki, avqustun 3-də baş vermiş qanlı insident bir daha Ermənistanın üçtərəfli razılaşmanı kobud şəkildə pozduğunu, eyni zamanda, iki dövlət arasında münasibətlərin normallaşdırılması istiqamətində səylərə xələl gətirdiyini nümayiş etdirir. Bu, həm də Ermənistanın beynəlxalq vasitəçilərin səylərinə hörmətsizliyinin göstəricisidir.

“Azərbaycan ərazisində baş verən insidentin bütün məsuliyyəti qonşu dövlətin torpaqlarında qanunsuz silahlı birləşmələrini hələ də çıxarmayan Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür. Azərbaycan ərazilərinin təhlükəsizliyi, sərhədlərinin bütövlüyünün təmin edilməsi üçün tərəfimizdən bütün müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək”, - deyə Azərbaycanın Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunduğu bildirilir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.