İDMAN
İtaliya mətbuatı Bakı yürüşlərindən sonra “Ferrari”ni tənqid edir
Bakı, 30 aprel, AZƏRTAC
“Ferrari” komandası Bakıda uğursuz çıxışından sonra İtaliya mətbuatının tənqid hədəfinə çevrilib. Mövsümün dördüncü mərhələsi “Mercedes” komandasının dördüncü qələbə dublu ilə başa çatdı. Skuderiyanın ən yaxşı nəticəsi isə Sebastian Fettelin üçüncü yer tutması olub.
AZƏRTAC xəbər verir ki, “Gazzetta dello Sport” qəzeti öz səhifələrində “Sebastian Fettel parlaq çıxış edə bilmədi. Onun podiumunu zəif təsəlli hesab etmək olar” yazır.
“La Repubblica” qəzeti dördqat dünya çempionunun çıxışını belə təsvir edib: “Fettel sabit xallar toplamaq üzrə çempion olur. O, daha riskə getmir, ola bilər ki, belə fikirləşir: “Risk edib oyundan çıxmaq əvəzinə daha yaxşı olar ki, mən bir neçə xal toplayım”. Formula 1 İspaniyaya qayıdır, burada mövsümün Avropa hissəsi başlayır. Lakin əsas məsələ bu deyil: Titul uğrunda mübarizə artıq indidən sona çatmayıbmı?”
“Tuttosport” nəşri Şarl Leklerin yürüşlərdə çıxışını yüksək dəyərləndirib: “Lekler özünün pip-stopuna qədər təkərlərin imkanından maksimal dərəcədə istifadə edərək, çox güclü mübarizə aparırdı”.
Yürüşün yekunlarından “Corriere della Sera” qəzeti isə belə yazıb: “Ferrari” o qədər də çox uduzmayıb. Lekler mübarizə aparır, lakin Sebastian Fettel tərəfindən yerinə yetirilən bir neçə sürətli dövrə komanda üçün kifayət deyil. “Mercedes” komandasının rekord qələbə dublları “Ferrari”nin pilotu kimi fikirləşən və hərəkət edən hər kəs üçün dözülməz olmalıdır”.