SİYASƏT


İtaliya mətbuatı Şuşada və Bakıda keçirilmiş “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı forum və konfransa geniş diqqət ayırıb

Roma, 9 may, AZƏRTAC

İtaliyanın bir sıra kütləvi informasiya vasitələri tərəfindən aprelin 28-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ADA Universitetinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilmiş “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq forum və aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilmiş “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransdan bəhs edən geniş yazılar dərc olunub.

AZƏRTAC xəbər verir ki, “Notizie Geopolitiche”, “Kmetro0”, “Agenzia Nova”, “Nova News”, “Giornale Diplomatico”, “Globus Magazine”, “MetroCT”, “Sardegnagol”, “Insideover” kimi mətbuat orqanları tərəfindən yayılmış məlumatlarda bildirilib ki, Şuşa şəhərində keçirilmiş “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq forumun əsas məqsədi postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üçün formalaşdırdığı sülh gündəliyinin müzakirəsi olub.

“Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransla bağlı dərc olunan məlumatlarda sözügedən tədbirin 3 saata yaxın davam etdiyi, tədbir çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi söylədiyi, ardınca isə tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırdığı diqqətə çatdırılıb. Məlumatlarda Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdəki yenidənqurma və quruculuq işləri, bölgədə sülhün bərqərar olunması, Ukraynadakı böhran, Avropa İttifaqı-Azərbaycan münasibətləri, Azərbaycanın Avropaya təbii qaz təchizatı və onun perspektivləri, İtaliya-Azərbaycan Universiteti ilə bağlı fikirləri əks olunub.

Yazılarda, eləcə də tədbirdə iştirak edən italyan tədqiqatçı Daniel Vinçelli Pommierin həmmüəllifi olduğu “Azərbaycanın Mədəniyyət Paytaxtı – Şuşa” kitabını Azərbaycan Respublikası Prezidentinə təqdim etdiyi qeyd edilib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.