QAN YADDAŞI


İtaliya mətbuatında 20 Yanvar faciəsindən bəhs edən yazılar dərc olunub

Roma, 21 yanvar, AZƏRTAC

İyirmi Yanvar faciəsinin 30-cu ildönümü İtaliya mətbuatının diqqət mərkəzində olub. “Notizie Geopolitiche” onlayn qəzetində Roma Sapienza Universitetinin Avropa tarixi üzrə tədqiqatçısı Dariuş Rahiminianın müəllifliyi ilə “Azərbaycan. Bakı Qanlı Yanvarından 30 il ötür” adlı məqalə dərc olunub.

Məqalədə deyilir ki, qara digər rənglərə münasibətdə insana daha çox əzab hissi gətirən rəngdir: qara ağrı, qorxu və ölümlə əlaqəli rəngdir. Ancaq elmi cəhətdən yanaşsaq, qara əslində rəng deyil, onda digər rənglər yarada biləcək bir işığın əskikliyidir. Məhz buna görə də bu gözəl diyarın məruz qaldığı ən faciəvi hadisələrdən birini simvollaşdırmaq üçün Azərbaycan xalqının bu rəngi seçmək səbəbi təəccüblü deyil. Onlar 30 il əvvəl, 1990-cı il yanvarın 20-də SSRİ-nin paytaxt Bakıda qanuni nümayişləri qanlı şəkildə dağıtmasını işığın yoxluğu kimi deyil, məhz mərhəmətin olmaması kimi xatırlayırlar. Baş vermiş hadisə o gündən etibarən Qara Yanvar kimi xatırlanır.

Yazıda qeyd edilir ki, 1988-ci ildə Sovet İttifaqı yavaş-yavaş süquta yaxınlaşdıqca, Azərbaycanın tarixi torpaqlarında yaradılmış Ermənistan Sovet Sosialist Respublikası birtərəfli qaydada qeyri-sabit geosiyasi vəziyyətdən yararlanaraq 250 minə yaxın azərbaycanlını doğma yurdlarından didərgin saldı. Bununla kifayətlənməyərək indiyə kimi beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın bir hissəsi kimi tanınan Dağlıq Qarabağ bölgəsini – yerli azərbaycanlılarla harmoniyada yaşayan erməni əsilli vətəndaşların qismən məskunlaşdığı ərazini qanunsuz işğal etmək qərarına gəldi. Mübahisə və münaqişə hələ də davam edir. Nəticədə yüz minlərlə azərbaycanlı 1988-1989-cu illərdə Moskvadakı sovet hakimiyyətindən Ermənistanın qanunsuz əməllərinə son qoymaq tələbləri ilə Bakı küçələrinə çıxdı, lakin sovet rəhbərliyindən cavab olaraq laqeydliklə üzləşdi. O andan etibarən Bakıda Sovet İttifaqının siyasətinə qarşı kütləvi etiraz aksiyaları azad və suveren Azərbaycan naminə müstəqillik hərəkatına çevrildi.

1990-cı il yanvarın 9-da Ermənistan Ali Soveti Azərbaycanın yurisdiksiyasına məhəl qoymadan İrəvanın bölgəni tamamilə ilhaq etmək niyyətini açıq şəkildə ortaya qoyaraq Dağlıq Qarabağın iqtisadi planlarına daxil edilməsi üçün səs verdi. Bu son hörmətsizliyə cavab olaraq Azərbaycan xalqı Sovet İttifaqının siyasətinə və onun Dağlıq Qarabağ bölgəsindəki böhrana laqeyd yanaşmasına etiraz əlaməti olaraq yenidən Bakı küçələrinə çıxdı. Yanvarın 19-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti Mixail Qorbaçovun imzaladığı fərmanı təsdiqləyərək Bakıda və Azərbaycan SSR-in digər bölgələrində fövqəladə vəziyyət elan etdi. 1990-cı il yanvarın 19-da mərkəzi televiziya stansiyasının dağıdılmasından, telefon və radio xətlərinin sovet xüsusi təyinatlıları tərəfindən kəsilməsindən sonra sovet qoşunları tanklarla barrikadaları qıraraq Bakıya girib qarşılarına çıxan hər şeyi dağıdaraq ətrafa qan və terror saçdılar. 140-dan çox azərbaycanlı mülki şəxs həlak oldu, 800-ə yaxın insan xəsarət aldı və müxtəlif sayda insanlar itkin düşdü.

Müəllif “Human Rights Watch” təşkilatının 1994-cü ilin dekabrında "Azərbaycanda Qara Yanvar" adlı hesabat yaydığını diqqətə çatdırır.

Məqalədə qeyd edilir ki, 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar ADA Universitetində təşkil edilmiş tədbirdə çıxış edən Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 20 Yanvar hadisələrinin, sadəcə, 20 yanvar gecəsində baş verən bir hadisə deyil, bu faciənin daha sonra Xocalıda davam etdirilən bir proses olduğunu bildirib. Xatırladaq ki, 1992-ci il fevralın 26-da Dağlıq Qarabağın Xocalı şəhərində Ermənistan ordusu və keçmiş SSRİ-nin bir alayı tərəfindən 613 azərbaycanlı mülki şəxs qətlə yetirilib. Hikmət Hacıyev Ermənistan və Dağlıq Qarabağda Azərbaycana qarşı etnik təmizləmə siyasətinin aparıldığını, bunun hadisələrin Heydər Əliyevin sovet rəhbərliyindən kənarlaşdırılmasından dərhal sonra başladığını və 20 Yanvar faciəsinin hərbi nöqteyi-nəzərdən qiymətləndirilməli olduğunu bildirib. O deyib ki, Bakının bir şəhər kimi işğalı üçün plan hazırlanmışdı, tanklar və digər silahlardan istifadə edildi, bir artilleriya çatmırdı. Məqsəd küçələrdə insanların kütləvi şəkildə məhv edilməsi idi. Prezidentin köməkçisi bu hadisələrin məlumatların hər bir tərəfdən bloklandığı şəraitdə baş verdiyini də diqqətə çatdırıb: “Xarici jurnalistlər Moskvada akkreditə edilmişdi və Bakıya buraxılmırdılar. Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedən jurnalistlər Heydər Əliyevin mətbuat konfransını işıqlandırdıqdan sonra beynəlxalq aləmdə hadisələrə fərqli baxış yarandı. Beynəlxalq KİV-lər Bakının faciəvi hadisələri ilə bağlı məlumatlar yaydılar”.

Qeyd edək ki, oxşar məzmunda məqalə və xəbərlər “Askanews”, “Agenzia Nova”, “Agenzia Stampa Italiana”, “Giornale Diplomatico” və sair kütləvi informasiya vasitələrində dərc edilib. Həmin materiallarda 20 Yanvar şəhidlərinin xatirəsinin 30-cu ildönümü ilə əlaqədar Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən təşkil olunmuş anım tədbiri barədə məlumatlar da yer alıb.

 

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.