İQTİSADİYYAT
İtaliya mətbuatında Bakı-Tbilisi-Qars dəmir yoluna həsr olunmuş məqalə dərc olunub
Roma, 2 noyabr, AZƏRTAC
İtaliyanın “Notizie Geopolitiche” analitik portalında “Azərbaycan: Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirilib” sərlövhəli məqalə dərc olunub. Məqalə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilmiş təntənəli mərasimə həsr olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Bakı-Tbilisi-Qars dəmir yolunun tarixi, müxtəlif illərdə tikintisi, sərnişin və yük daşıma qabiliyyəti, eləcə də Azərbaycan və region üçün geosiyasi və geoiqtisadi əhəmiyyəti və gələcək perspektivləri haqqında geniş məlumat verilir.
Müəllif yeni dəmir yolunun regionun sabitliyi və iqtisadi inkişafına öz töhfəsini verməklə yanaşı, Azərbaycan, Türkiyə və Gürcüstanı qlobal əhəmiyyətli nəqliyyat qovşaqlarına çevirəcək, həmçinin Avropa və Asiya arasında birbaşa əlaqə yaratmaqla, Mərkəzi Asiya ölkələri – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın, eləcə də Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracağını yazıda diqqətə çatdırıb. Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın Türkiyə ilə birbaşa dəmir yolu əlaqəsini təmin etməklə, hər iki ölkə arasında münasibətləri daha da gücləndirəcəyini vurğulayıb.
Bakı-Tbilisi-Qars dəmir yolu tikintisinin dünyanın 100 xüsusi strateji əhəmiyyətli layihələrindən biri olduğunu xatırladan müəllif onun Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsi və iqtisadi rolunun artmasında vacib strateji amil olduğunu qeyd edib.
Müəllif, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti haqqında fikirlərinə istinad edərək, Bakı-Tbilisi-Qars dəhlizinin Avrasiya nəqliyyat xəritəsinin vacib tərkib hissəsi və Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olduğunu vurğulayıb.
Məqalədə Prezident İlham Əliyevin aşağıdakı fikirlərinə yer verilir: “Bu dəhliz Azərbaycanın nəqliyyat sektoruna böyük əhəmiyyət verdiyini sübut edir, buraya Ələt Beynəlxalq Dəniz Ticarət Limanı da daxildir. Bu layihə həmçinin üç ölkənin – Azərbaycan, Türkiyə və Gürcüstanın strateji baxışını əks etdirir. Ən əhəmiyyətlisi odur ki, Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi region xalqlarını bir-birlərinə yaxınlaşdıracaq və iqtisadi inkişafı təmin edərək, regionun sabitliyinə əhəmiyyətli töhfə verəcəkdir. Belə bir nəticə Azərbaycan, Türkiyə və Gürcüstanın dostluq və qardaşlığı sayəsində əldə edilib”.
Yazıda bu tarixi hadisə ilə bağlı italyan ekspertlərin də fikirlərinə yer verilib. İtaliya-Azərbaycan Ticarət Palatasının sədri Manuela Traldi Bakı-Tbilisi-Qars dəmir yolunu Azərbaycanın qitələrarası logistik qovşaq kimi təbii rolunu gücləndirən və xarici sərmayə və müştərək müəssisələrin yaradılması baxımından ölkənin cəlbediciliyini artıran əhəmiyyətli infrastruktur kimi qiymətləndirib.
Romanın Sapienza universitetinin professoru Daniel Pommier isə Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışının təkcə cəlb olunan ölkələr deyil, bütün beynəlxalq ictimaiyyət üçün yaxşı xəbər olduğunu bildirərək, bu dəmir yolunun Türkiyə, Azərbaycan və Gürcüstanın həm öz aralarında, həm də Avropa və Aralıq dənizi ölkələri ilə sıx münasibət qurmalarına imkan yaradacağını vurğulayıb.
Beynəlxalq Siyasət Elmləri İnstitutunun tədqiqatçısı Karlo Frappi yeni dəmir yolunun açılışının iki səbəbdən vacib olduğunu bildirərək, ilk növbədə onun Türkiyə, Azərbaycan və Gürcüstan arasında “əməkdaşlıq oxu”nu möhkəmləndirdiyini və digər tərəfdən Azərbaycanın regional əməkdaşlığın əsas faktoru kimi rolunun artmasını təsdiq etdiyini qeyd edib.
“Il Nodo di Gordio” beyin mərkəzinin tədqiqatçısı Auqusto Qrandi Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimini “İpək Yolu” layihəsinin reallaşması istiqamətində əsas mərhələ kimi xarakterizə edərək, onun Azərbaycan üçün böyük uğur və İtaliya üçün isə yeni imkan olduğunu vurğulayıb.
Məqalənin mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:
http://www.notiziegeopolitiche.net/azerbaijan-inaugurato-il-corridoio-ferroviario-baku-tbilisi-kars/
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma