SİYASƏT
İtaliya portalında “Azərbaycan diplomatiyasının təktərəfliliyə qarşı yüksəlişi” adlı məqalə dərc olunub
Bakı, 1 iyul, AZƏRTAC
İtaliyanın “World Geostrategic Insights” portalında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Vasif Hüseynovun “Azərbaycan diplomatiyasının təktərəfliliyə qarşı yüksəlişi” adlı məqaləsi yayımlanıb.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, məqalədə müasir dövrdə böyük güc sahibi dövlətlərin öz eqoist maraqlarının arxasınca düşməsinin və beynəlxalq əməkdaşlıqdan çəkinməsinin yaratdığı qlobal təhdidlərdən bəhs olunur. Müəllif qeyd edir ki, bu təhlükəli prosesə qarşı mübarizə aparan azsaylı ölkələr arasında Azərbaycan xüsusi yer tutur. “Ölkəmizin pandemiya böhranının yaşandığı bir dövrdə Türk Şurası və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlarda sədrliyinin Azərbaycanın hər iki təşkilat daxilində məsuliyyətini daha da artırıb”, - deyə müəllif bildirir.
V.Hüseynov qeyd edir ki, ölkəmiz bu məsuliyyətli işin öhdəsindən layiqincə gəlməkdədir: “Məsələn, Azərbaycan Respublikasının Prezidenti tərəfindən hər iki təşkilatın sammitlərinin keçirilməsi təşəbbüsü qeyd edilən böhran kontekstində mühüm əhəmiyyət kəsb edib və üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilib”.
Müəllif, ilk növbədə, Türk Şurasının aprelin 10-da keçirilmiş virtual sammiti haqqında bəhs edərək, Zirvə görüşündən sonra iştirakçı dövlətlərin səhiyyə, nəqliyyat və iqtisadiyyat nazirlərinin virtual görüşünün keçirilməsini dövlət başçılarının sammitinin praktik nəticəsi kimi təqdim edib.
Məqalədə, eyni zamanda, Azərbaycanın sədrlik etdiyi digər təşkilat Qoşulmama Hərəkatı çərçivəsində də oxşar təşəbbüslə çıxış etməsi və 40 dövlət nümayəndəsinin iştirakı ilə mayın 4-də virtual sammitin keçirilməsi haqqında qeydlər təqdim edilir. Bu tədbir təşkilatın fəaliyyətində tarixi bir hadisə kimi qiymətləndirilir. V.Hüseynov millətçilik və proteksionist siyasi ideologiyaların gücləndiyi hazırkı şərtlərdə çoxtərəfli beynəlxalq siyasətin və qlobal həmrəyliyin təşviqi istiqamətində sammitin böyük önəm daşıdığını xüsusilə vurğulayıb.
Bu addımların davamı kimi Prezident İlham Əliyevin Qoşulmama Hərəkatı sammitində təklifi ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü qlobal miqyaslı addım kimi dəyərləndirilir: “BMT-nin 130-dan çox üzvü tərəfindən dəstəklənən bu təşəbbüs ölkəmizə olan etimadın və onun ortamiqyaslı güc kimi yüksələn nüfuzunun növbəti bir nümunəsidir. Bununla yanaşı, BMT tarixində də özünəməxsus yer tutacaq bir hadisədir”.