REGİONLAR
İtaliya qəhrəmanı adına layiq görülən qazaxlı Serafino kimdir? REPORTAJ VİDEO
Qazax, 9 may, Ruslan Novruzoğlu, AZƏRTAC
Böyük Vətən müharibəsində Azərbaycanın oğul və qızları Avropa ölkələrində hitlerçilərə qarşı mübarizə aparıb və uğurlar qazanıblar. Onların bir çoxu Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif olunub. Lakin barəsində söhbət açacağımız Qazax sakini bu müharibədə İtaliyanın Milli Qəhrəmanı adına layiq görülüb. Söhbət Qazax rayonunun Şıxlı kəndinin sakini olan, iki dəfə alman əsirliyindən qaçan, italiyalı partizanların “Serafino” ləqəbi ilə çağırdığı Tahir İsayevdir.
AZƏRTAC xəbər verir ki, kənd sakinlərinin sözlərinə görə, Tahir İsayev 18 yaşı tamam olmamış elə məktəbli geyimində cəbhəyə yola düşüb. Böyük Vətən müharibəsində Şıxlıdan İtaliyanın Milan şəhərinə qədər uzun və məşəqqətli, qəhrəmanlıqlarla dolu, film kimi bir həyat yolu keçib.
O, cəbhədə Mazdok yaxınlığında ağır döyüşlərdə yaralanaraq əsir düşüb. Lakin böyük əziyyətlərlə “Bühenvald” ölüm düşərgəsindən qaça bilib. Yolda kömür daşıyan vaqonda gizlənərək, qatarın sovet torpaqlarına doğru yola çıxdığını zənn edib. Lakin qatar Tahir İsayevi əks tərəfə, İtaliyaya, hitlerçilərin yanına aparıb. İtaliyada o, Berqamo şəhəri yaxınlığında partizan dəstəsinə qoşularaq faşistlərə qarşı döyüşüb. Adriatik dənizi sahillərində Mehdi Hüseynzadə, Mirdamət Seyidov kimi şücaətlər göstərib, xalqın qəhrəmanına çevrilib.
Bu gün də öz qəhrəmanlarını böyük ehtiramla xatırlayan kənd sakinləri onun əziz xatirəsini anır, ev-muzeyini ziyarət edirlər. Kənd sakini Kamal Qurbanov deyir ki, Serafino ləqəbli Tahir İsayevin kənddəki qəbri hər il 9 May - Qələbə günündə ziyarət olunur. “O, İtaliyada faşistlərə qarşı döyüşən partizan dəstəsinin üzvü olub. Göstərdiyi qəhrəmanlıqlara görə o, “Serafino” ləqəbi ilə çağırılıb. Hər il eyni tarixdə onun qəbri üstündə qəhrəmanlıqlarından ağız dolusu danışılır”, - deyə kənd sakini əlavə edib.
İndi onun ev-muzeyində yüzlərlə eksponat, medal və dəyərli əşyaları qorunur. Tahir İsayev müharibə illərində alman və italyan dillərini də gözəl mənimsəyə bilib. O, "Fiamma Verdi" beynəlmiləl briqadasında italyanlar, fransızlar, ingilislər və ruslarla çiyin-çiyinə vuruşub. İtaliyalı partizan qızla, Adelina ilə evlənib və tale elə gətirib ki, bu evlilikdən məhz mayın 9-da, Qələbə günü bir oğlu olub.
Serafino 1945-ci il aprelin 25-də Milan şəhərinin də faşistlərdən təmizlənməsində qəhrəmanlıq göstərib. 1968-ci ildə ona İtaliyanın Milli Qəhrəmanı adı verilib, Milan şəhərinin fəxri vətəndaşı olub.
O, 2001-ci ildə, 79 yaşında vəfat edib və Şıxlı kənd qəbiristanlığında dəfn olunub. Üç övladı var.
Tahir İsayev İtaliyanın ən yüksək qəhrəmanlıq rəmzləri olan “Qaribaldi ulduzu”, “Antonio Qramşi”, “Banderi Kalori” ordenləri, ümumən 36 orden və medal, o cümlədən İtaliyanın 12 dövlət mükafatı ilə təltif olunub.