SİYASƏT


İtaliya qəzetində Ermənistanın xalqımıza qarşı törətdiyi cinayətlərdən bəhs olunub

Roma, 24 iyul, AZƏRTAC

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin bu ölkənin “Il Primato Nazionale” onlayn qəzetinin redaksiyasına göndərdiyi məktubun mətninin böyük hissəsi nəşrin internet səhifəsində dərc olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan səfiri öz məktubunda erməni tərəfinin propaqandası və dezinformasiyasının təsiri altında həmin qəzetdə dərc olunmuş məqaləyə münasibət bildirib.

Azərbaycan diplomatının məktubunun qəzetin saytında dərc olunmuş hissəsində bildirilir ki, Azərbaycanın 30 ilə yaxın müddətdə Qarabağ və Şərqi Zəngəzur bölgələri daxil olmaqla beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi Ermənistanın hərbi işğalına məruz qalıb, bu ərazilərdə yaşayan bütün azərbaycanlılara qarşı dəhşətli etnik təmizləmə həyata keçirilib və onlar qaçqın və məcburi köçkünə çevrilməklə həyatlarını xilas edə biliblər. “Hərbi işğalın nəticəsində 1 milyon azərbaycanlı 30 il ərzində öz evindən, hətta öz doğmalarının məzarlarını belə ziyarət etməkdən məhrum olub, 20 mindən çox azərbaycanlı qətlə yetirilib, 50 mindən çox azərbaycanlı yaralanıb. Ermənistan ordusu azərbaycanlı mülki əhaliyə qarşı çoxsaylı müharibə cinayətləri, 613 azərbaycanlının şiddətlə qətlə yetirildiyi Xocalı soyqırımını törədib. İşğal vaxtı 4 mindən çox azərbaycanlı itkin düşüb və Ermənistan hələ də həmin şəxslərin taleyi ilə bağlı məlumatları təqdim etməkdən imtina edir”, - deyə diplomatın məktubunda qeyd olunur.

M.Əhmədzadə vurğulayıb ki, Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllinə cəhd göstərsə də Ermənistan öz hərbi qüvvələrini Azərbaycan ərazisindən çıxarmağa etiraz edib və hərbi işğalı əbədiləşdirməyə çalışıb. Ötən ilin payızında Ermənistanın növbəti hərbi təxribatları ilə başlayan və 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Azərbaycan öz ərazisindən Ermənistan qoşunlarının dərhal, qeyd-şərtsiz və bütünlüklə çıxarılmasını tələb edən, lakin Ermənistan tərəfindən məhəl qoyulmayan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrini icra edərək həmin əraziləri işğaldan azad edib. Təəssüf ki, son hərbi əməliyyatlar vaxtı da azərbaycanlı mülki əhali arasında itkilər olub. Ermənistanın bilərəkdən hərbi əməliyyatlar zonasından uzaqda yerləşən Azərbaycan mülki obyektlərinə hücumları 100-dən çox mülki azərbaycanlının qətlə yetirilməsinə, 400-dən çoxunun isə yaralanmasına səbəb olub.

Diplomat qeyd edib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etsə də azərbaycanlı məcburi köçkünlər hələ də öz evlərinə qayıda bilmirlər. Belə ki, həmin ərazilər Ermənistan hərbi qüvvələri tərəfindən işğal dövründə sistemli olaraq talan edilib, yerlə yeksan olunub, piyada və tank əleyhinə minalarla döşənib. “30 illik münaqişə dövründə 3 min azərbaycanlı Ermənistanın yerləşdirdiyi və xəritələrini təqdim etməkdən imtina etdiyi piyada və tank əleyhinə minaların partlamasının qurbanı olub. Azərbaycanın azad olunmuş əraziləri bu gün dünyada ən çox minalanmış bölgələrdən biri hesab olunur”, - deyə səfir bildirib. Əlavə edib ki, yalnız ötən ilin noyabrından bəri əksəriyyəti mülki əhali olmaqla 150 nəfər mina partlamasının qurbanı olub.

M.Əhmədzadə qeyd edib ki, Azərbaycan öz torpaqlarını Ermənistanın hərbi işğalından azad edərək müharibəyə son qoyub və indi artıq sülh haqqında düşünmək zamanıdır. “Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən 2020-ci ilin noyabr və 2021-ci ilin yanvar ayında imzalanmış üçtərəfli bəyanatlar səhifəni çevirmək və birgə yaşayış şəraitini təmin edən şərtləri özündə əks etdirir ki, öz təbiəti, çoxmillətli və multikultural modeli ilə Azərbaycan buna hazırdır. Bunun baş verməsi üçün Ermənistan əməkdaşlığa başlamalıdır. Azərbaycan dəfələrlə Ermənistana suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət əsasında sülh müqaviləsi imzalamaq təklif edib, lakin Ermənistan bu təklifə hələ də heç bir cavab verməyib”, - deyə Azərbaycan diplomatı vurğulayıb.

Səfir məktubun sonunda qəzeti müharibə bitsə də insan faciələrinə səbəb olan və məcburi köçkünlərə öz torpaqlarına qayıtmağa mane olan minalı ərazilərlə bağlı təhlükəyə, 1992-ci ildə törədilmiş və icraçıları uzun illər Ermənistanın rəhbərliyində təmsil olunmuş şəxslərin hələ də cəzasız qaldığı Xocalı soyqırımı kimi Ermənistan tərəfindən Azərbaycan xalqının başına gətirilmiş müsibətlərə diqqət yetirməyə çağırıb. “Erməni tərəfinin sülh, əməkdaşlıq və birgəyaşayış kimi dəyərləri qəbul etməyə, qonşularına qarşı revanşist meyillərdən, nifrət hisslərindən, tarixi, mədəni və beynəlxalq hüquq nöqteyi-nəzərdən ona aid olmayan torpaqlarla bağlı iddialardan əl çəkməyə dəvət edilməsi faydalı olardı”, - deyə diplomat fikirlərini tamamlayıb.

Səfirin məktubunun dərc olunmuş hissəsi ilə bu keçiddən tanış olmaq mümkündür.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.