İQTİSADİYYAT
İtaliya televiziya kanalında Azərbaycanın nəqliyyat imkanları barədə danışılıb VİDEO
Bakı, 1 iyun, AZƏRTAC
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Genuya şəhərində yerləşən “Telenord” televiziya kanalının “Transport” verilişinə müsahibə verib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, müsahibədə Azərbaycanın nəqliyyat imkanları, qədim İpək Yolu layihəsinin bərpası, Şimal-Cənub nəqliyyat dəhlizinə Azərbaycanın töhfələri, ölkəmizdə həyata keçirilən mühüm nəqliyyat və infrastruktur layihələri və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı barədə məlumat verilib. Bu layihələrin Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsinin dərinləşməsinə əsaslanan yeni iqtisadi modelinin tərkib hissəsi olması vurğulanıb.
Müsahibə səfirin İtaliyanın Liquriya regionunun paytaxtı Genuya şəhərinə işgüzar səfəri çərçivəsində təşkil olunub. Səfər zamanı M.Əhmədzadə Liquriya regionunun prezidenti Covanni Toto, Genuya şəhərinin meri Marko Doriya və regionun işgüzar dairələri və mədəniyyət sahəsinin nümayəndələri ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycan Respublikasının Genuya şəhərindəki fəxri konsulu xanım Marqarita Kosta da iştirak edib.