DÜNYA
İtaliya zəlzələdən zərərçəkənlər üçün vergi tələblərini təxirə salıb
Bakı, 8 noyabr, AZƏRTAC
İtaliya hökuməti bu yaxınlarda baş vermiş zəlzələ ilə əlaqədar vergi tələblərinin hamısını dayandırıb.
AZƏRTAC “vergilər.az” saytına istinadla bildirir ki, yeni dəyişikliklər zəlzələnin təsirinə məruz qalmış rayonlara yardım üçün nəzərdə tutulan qrantların və digər tədbirlərin tətbiqi ilə bağlı sərəncamda öz əksini tapıb.
Qeyd olunub ki, fors-major şəraitlə əlaqədar ödənişlərin mümkünsüzlüyünün müvafiq sənədlər vasitəsilə zəlzələnin nəticələri ilə bağlı olduğunu nümayiş etdirən bütün fiziki və hüquqi şəxslər üçün vergi müddətləri uzadılır.
Vergi güzəştlərinə, həmçinin vergi bəyannamələrinin təqdim edilməsi, eləcə də sosial sığorta haqlarının, inzibati cərimələrin ödənilməsi, icarə, ipoteka və kredit müddətlərinin uzadılması, kommunal xidmətlər üçün hesablar da daxildir.