DÜNYA
İtaliyada 30-dan çox yeni yeraltı təkan qeydə alınıb
Bakı, 3 fevral, AZƏRTAC
Apennin yarımadasında seysmik aktivlik səngimir: ötən gecə İtaliya ərazisində 30-dan çox yeraltı təkan qeydə alınıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Milli Geofizika və Vulkanologiya İnstitutunun məlumatına əsasən, ən güclü yeraltı təkan 4,2 bal gücündə olub. Marke regionunda Maçerata şəhəri yaxınlığında qeydə alınan zəlzələnin episentri yer səthindən 6 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə hələlik heç bir məlumat verilmir.
Xatırladaq ki, 2016-cı il avqustun 24-də indiki yeraltı təkanlardan təxminən 100 kilometr məsafədə baş verən dağıdıcı zəlzələ nəticəsində 300 nəfərədək insan həlak olmuşdu. Zəlzələ nəticəsində Amatriçe şəhəri demək olar ki, tamamilə dağılmışdı. Oktyabrda baş verən və 1980-ci ildən bəri Apennində qeydə alınan ən güclü zəlzələ isə 40 min nəfəri evsiz qoymuş, ölkənin mərkəzində yerləşən 100-ə yaxın yaşayış məntəqəsində ciddi dağıntılar törətmişdi.
Bu il yanvar ayının ortalarında İtaliyanın mərkəzində 5 baldan yuxarı yeni yeraltı təkanlar seriyası baş verib. Abrusso regionunda yerləşən “Rigopiano” otelinin yer səthinin titrəməsi və güclü qarın səbəb olduğu uçqunun altında qalması nəticəsində 29 nəfər həyatını itirib.