DÜNYA


İtaliyada 30 ilə yaxındır axtarışda olan mafiya lideri saxlanılıb

İtaliyada 30 ilə yaxındır axtarışda olan mafiya lideri saxlanılıb

Roma, 16 yanvar, AZƏRTAC

İtaliyada 30 ilə yaxındır axtarışda olan mütəşəkkil cinayətkar qrupun rəhbəri Matteo Messina Denaro təhlükəsizlik qüvvələri tərəfindən Palermo şəhərində saxlanılıb.

AZƏRTAC xəbər verir ki, Palermo Baş Prokurorluğunda aparılan istintaq çərçivəsində təhlükəsizlik qüvvələri Matteo Messina Denaronu müalicə üçün getdiyi özəl klinikada yaxalayıb. Törətdiyi qətllərə görə ömürlük həbs cəzası verilən 60 yaşlı Denaronu saxlanıldıqdan sonra gizli yerə aparıldığı bildirilib.

O, mafiyaya qarşı mübarizəsi ilə ölkədə simvola çevrilən, lakin 1992-ci ildə mafiyanın hədəfinə tuş gələn məşhur hakimlər Giovanni Falkone və Paolo Borsellinonun sui-qəsdləri ilə yanaşı, çoxsaylı qətllərdə də rol oynayıb. Matteo Messina Denaro 1993-cü ildə Milan, Florensiya və Romada həyata keçirilən bombalı hücumlardan məsul olduğu bildirilib. Denaro 1993-cü ilin yayında həbsxanadan qaçmışdı.

İtaliya Prezidenti Sercio Mattarella Denaronun saxlanılması münasibətilə daxili işlər naziri Matteo Piantedosini və təhlükəsizlik qüvvələrini təbrik edib. Baş nazir Ciorcia Meloni mafiya liderinin saxlanılmasını dövlətin mafiya qarşısında təslim olmadığını göstərən böyük qələbə kimi şərh edib. C.Meloni bildirib ki, İtaliya hökuməti mafiyaya qarşı mübarizəni fasiləsiz davam etdirəcək.

İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani də Denaronun saxlanılması ilə dövlətin mafiyaya ağır zərbə vurduğunu qeyd edib. Daxili işlər naziri M.Piantedosi mafiya liderinin həbsinin tarixi hadisə olduğunu və bu nəticədən çox məmnun olduğunu bildirib. Müdafiə naziri Quido Krosetto da təhlükəsizlik qüvvələrini Matteo Messina Denaronun saxlanması münasibətilə təbrik edib.

Ölkənin cənubundakı Siciliya adasında fəaliyyət göstərən “Cosa Nostra” mafiya qruplaşmasının rəhbəri kimi tanınan və ən çox axtarılanlar siyahısında olan Matteo Messina Denaronun həbsi İtaliyada böyük əks-səda yaradıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.