DÜNYA


İtaliyada “Beş ulduz hərəkatı” Mario Draqini yeni hökumətin formalaşdırılmasında dəstəkləyəcək

Roma, 12 fevral, AZƏRTAC

İtaliya parlamentində ən böyük siyasi qüvvə olan “Beş ulduz hərəkatı” Avropa Mərkəzi Bankının keçmiş baş direktoru Mario Draqinin rəhbərliyi ilə qurulacaq yeni hökuməti dəstəkləyəcəyini elan edib.

AZƏRTAC xəbər verir ki, bu barədə qərar partiyanın üzvləri arasında keçirdiyi onlayn səsvermədən sonra qəbul edilib. Məlumata görə, səsvermədə iştirak edənlərin 59 faizi Mario Draqinin yeni hökumətini dəstəkləməyə tərəfdar olub, 41 faiz isə belə bir əməkdaşlıqdan imtina edib. Səsvermədə 119 min 500 hüquqlu şəxsdən 74 min 500 nəfər iştirak edib.

Partiya sədri vəzifələrini müvəqqəti icra edən Vito Krimi bildirib ki, partiya fəallarının rəhbərlik qarşısında qoyduğu tapşırıq yeni hökumətin fəaliyyətini dəstəkləməkdən ibarətdir. Bununla da M.Draqi parlamentdə mütləq səs çoxluğunun dəstəklədiyi hökumət qurmaq istiqamətində mühüm irəliləyiş əldə edib. Hökumət formalaşdırıldıqdan sonra parlamentin hər iki palatasında etimad votumu keçiriləcək. Bu votumlardan uğurla keçərsə, Mario Draqinin hökuməti fəaliyyətə başlayacaq.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.