DÜNYA


İtaliyada Milad bayramı və Yeni il necə qarşılanır?

Roma, 9 dekabr, AZƏRTAC 

İtaliyada Milad ərəfəsi dekabrın 8-dən başlayır. Həmin gündən etibarən italyanlar evlərini bəzəməyə və şam ağacı quraşdırmağa başlayırlar. İtaliyanın ən təmtəraqlı şam ağacları Venesiya, Milan, Florensiya və Romanın mərkəzi meydanlarında quraşdırılır və onlar milyonlarla turist cəlb edir.

Lakin İtaliyanın Qubbio şəhərindəki şam ağacı dünyanın ən böyüyü və ən zəhmətlisi kimi “Ginnesin rekordlar kitabı”na düşür. Bu ağacda 700 şam yandırılır. Habelə İtaliya Milad səhnəsinin qurulduğu əraziyə görə də liderliyini qoruyub saxlayıb. Bu, Manarola kəndindəki 17 min şamla bəzədilmiş səhnədir.

Milad yarmarkaları da maraqlıdır. Bunlardan ən gözəli Florensiyadakı Alman bazarıdır.

Milad gecəsi italyanlar təmtəraqlı süfrələr açırlar. Bu adətlər hər regiona görə dəyişir. Belə ki, hər süfrədə Milad çörəyi və şirniyyatları ilə yanaşı, mütləq bir neçə balıq xörəyi də olur. Şam yeməyindən sonra dindar italyanlar kilsəyə gedir və səhərədək dua edir, ayinlər icra edirlər.

Milad bayramı rəsmi olaraq yanvarın 6-da bitir. Həmin gün “La Befana” bayramı qeyd olunur. Rəvayətə görə, məhz həmin gün üç müdrik padşah körpə İsa üçün hədiyyələr göndərir, lakin hədiyyələri gətirən qarı İsanı tapmayıb onları digər uşaqlara paylayır. Məhz bu rəvayətə əsasən italyan uşaqlar hədiyyələrini yanvarın 6-da alırlar.

Yeni il də İtaliyada özünəməxsus qarşılanır. Belə ki, italyanlar noyabrdan etibarən Yeni il alış-verişinə başlayırlar. Onlar sırf həmin gün üçün qırmızı paltarlar alırlar. Həmçinin bayram süfrəsi üçün donuz əti və mərciməkdən hazırlanmış kolbasa tədarük edirlər. İtalyan folkloruna görə, Yeni ilə keçərkən kolbasa yemək bolluq, müvəffəqiyyət və uğur gətirir. Şam yeməyi quru meyvələr və üzümlə bitir. İnanclara əsasən, Yeni il süfrəsi üçün üzüm qoruyub saxlaya bilən ailə müdriklik və var-dövlət sahibi olur.

İtalyanlar kədəri, qüssəni qovmaq üçün köhnə, xarab qazan və tavalarını, paltarlarını atırlar. Bu, il ərzində toplanmış mənfi enerjini də atmaq deməkdir. Bu adəti xüsusən cənublular sevirlər.

Nəhayət, əlbəttə ki, İtaliyanın bütün şəhərləri Yeni ili atəşfəşanlıqla qarşılayır.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.