DÜNYA
İtaliyada Qərbi Nil virusuna yoluxanların sayı 100-ə çatır
Roma, 5 avqust, AZƏRTAC
İtaliyada yay fəslinin əvvəlindən bəri Qərbi Nil virusuna 100-dək yoluxma faktı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, İtaliya Ali Səhiyyə İnstitutunun məlumatına görə, ölkədə Qərbi Nil virusuna yoluxanların sayı 94-ə yüksəlib.
Bildirilib ki, ötən həftə virusa yoluxma sayı əvvəlki həftələrlə müqayisədə iki dəfədən çox artıb. Yoluxucu xəstəlik olan Qərbi Nil virusu əsasən ölkənin şimal bölgələrində yayılıb.
İndiyədək bu virusa yoluxan 7 nəfərin öldüyü açıqlanıb.
Qeyd edək ki, virusa yoluxanların təxminən 80 faizində heç bir əlamət olmadığı halda, təxminən 20 faizində hərarət, halsızlıq, ürəkbulanma-qusma, baş ağrısı, əzələ ağrısı kimi simptomlar müşahidə edilir.
Qərbi Nil virusuna yoluxma faktlarına daha çox Afrika, Avropa, Yaxın Şərq, Şimali Amerika və Qərbi Asiyada rast gəlinir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma