DÜNYA
İtaliyada UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş abidə yanır
Bakı, 21 oktyabr, AZƏRTAC
İtaliyada UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş abidə yanır. AZƏRTAC ANSA informasiya agentliyinə istinadla xəbər verir ki, oktyabrın 21-də səhər saatlarında krallıq dövrünə aid abidə kompleksinin damında yanğın baş verib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir. Agentliyin xəbərində qeyd olunur ki, yanğın nəticəsində hər hansı tələfat barədə məlumat verilmir.
“Kavaleritsa reale” kompleksi XVII əsrdə - Turin şəhərinin Savoya hersoqluğunun paytaxtı olduğu dövrdə inşa edilib. Bu tikili barokko arxitekturasının ən gözəl nümunələrindən biri hesab olunur və UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib. Onun ətrafındakı Savoya sülaləsinə məxsus olmuş başqa saraylar da Avropanın qiymətli memarlıq nümunələridir.