DÜNYA
İtaliyada koronavirusa qarşı xaricdə peyvənd olunmağa maraq artmaqdadır

Roma, 6 aprel, AZƏRTAC
İtaliyada koronavirusa qarşı vaksinasiya kampaniyasının ləng getməsini nəzərə alaraq, getdikcə daha çox italyan ölkə hüdudlarından kənarda peyvənd olunmağa maraq göstərir. Belə ölkələr arasında Serbiya xüsusi yer tutur.
AZƏRTAC xəbər verir ki, ölkə əhalisinin artıq 26 faizinə peyvəndin ilk komponenti vurulan Serbiya başqa ölkələrin vətəndaşlarına peyvəndi pulsuz təklif edir və vaksinasiya üçün Serbiyada daimi yaşayış sənədləri belə tələb olunmur. Buna görə də çox sayda İtaliya sakini Serbiyanın Romadakı səfirliyi və Milandakı baş konsulluğunun saytlarında qeydiyyatdan keçirlər.
İtaliyanın “Corriere della Sera“ qəzetinin Serbiyanın Milandakı baş konsulu Radmila Selakoviçdən əldə etdiyi məlumata əsasən, Aİ-də hələ icazə verilməyən “Sputnik V“ peyvəndinə maraq daha böyükdür. Qəzetin yazdığına görə, “peyvənd turistləri“ üçün Serbiyaya birbaşa səfər bu ayın sonunadək mümkün deyil. Serbiyaya yollanmaq istəyən italyanlar ya tranzit uçuş həyata keçirməli, ya da uzun avtomobil səyahətinə çıxmalıdırlar.
Hazırda Serbiyada koronavirusa qarşı “Sinopharm“, “Sputnik V“, “AstraZeneca“ və “BioNTec/Pfizer“ peyvəndləri tətbiq olunur. İtaliyada pandemiyanın yaratdığı vəziyyət “peyvənd turizmi”nin inkişafına yol açır, çıxılmaz qalan insanlar peyvənd üçün nicatı Serbiya kimi ölkələrdə axtarırlar.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Roma