DÜNYA
İtaliyada koronavirusa yoluxma halları kəskin artıb
Roma, 25 oktyabr, AZƏRTAC
İtaliyada koronavirusa yoluxanların sayı yenidən kəskin şəkildə artmağa başlayıb.
AZƏRTAC xəbər verir ki, bu ölkədə gündəlik yoluxma sayı 19 min 143 nəfər olub, ölənlərin sayı isə 91 nəfərdir. Fevral ayından bəri İtaliyada COVID-19 xəstəliyi ilə əlaqədar ölənlərin sayı artıq 37 min nəfəri ötüb. Hazırda ölkədə aktiv virus daşıyıcılarının sayı 186 min nəfərdir, onlardan 10 min 549 nəfəri xəstəxana şəraitində müalicə olunur.
Epidemiyanın hazırkı dalğasının geniş yayılmasını nəzərə alaraq İtaliya hökuməti yeni məhdudiyyətlərin tətbiqini nəzərdən keçirir. Lakin qeyd edilib ki, məhdudiyyətlər istehsalat və tədris prosesinin dayanması ilə nəticələnməyəcək. İtaliyanın Daxili İşlər naziri Luçiana Lamorqeze ölkədəki kütləvi etirazların mümkünlüyünü nəzərə alaraq, ümumölkə karantinin tətbiqinə qarşı çıxıb. Bununla belə ölkənin müxtəlif şəhərlərində tətbiq edilən və nəzərdə tutulan məhdudiyyətlərə qarşı etirazlar çoxalmaqdadır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Roma