DÜNYA


İtaliyada məktəblərin tətildən sonra açılıb-açılmaması müzakirə mövzusuna çevrilib

Roma, 8 yanvar, AZƏRTAC

İtaliyada Yeni il tətilindən sonra ibtidai və orta məktəblərin yanvarın 10-da açılıb-açılmaması müzakirə mövzusuna çevrilib.

AZƏRTAC xəbər verir ki, məktəblilər arasında COVID-19 infeksiyasına yoluxma hallarının sayının artması ilə əlaqədar bir çox regional idarəçilər və məktəb direktorları hökuməti distant təhsilə keçməyə çağırırlar.

Kampania Regional Hökumətinin sədri Vinçenzo De Luka bu vəziyyətdə yanvarın 10-da məktəblərin açılmasının məsuliyyətsizlik olduğunu, lakin mərkəzi hökumətin yanvarın sonuna qədər məktəblərin bağlanmasına qarşı çıxdığını deyib.

Ali Səhiyyə İnstitutunun rəhbəri Silvio Brusaferro isə bildirib ki, hazırda bir çox ölkədə epidemiya ilə bağlı vəziyyət kəskinləşib. Eyni şəkildə İtaliyada da son həftələrdə koronavirusa yeni yoluxma hallarının sayında sürətli artım var. Bu artım xüsusən də 10-19, 20-29 və 30-39 yaş qruplarında müşahidə olunur.

S.Brusaferro deyib: “Epidemiya ilə bağlı vəziyyətdə ciddi pisləşmə var. Həftəlik yoluxma hər 100 min nəfərə 1700-ə çatıb ki, bu da yeni yoluxma hallarının və xəstəxanaya yerləşdirilmələrin sayında ciddi artım olduğunu göstərir”.

Səhiyyə naziri Roberto Speranzanın imzaladığı qərarla Toskana, Abruzzo, Valle d'Aosta və Emilia Romanya bölgələri virusa yoluxma sayındakı kəskin artım və xəstəxanalardakı sıxlıq səbəbindən “ağ” zonadan orta riskli “sarı” zonaya keçirilib. Hazırda ölkədə 20 inzibati rayondan 14-u sarı zonadır.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.