ELM VƏ TƏHSİL
İtaliyada nəşr olunan “Dünya palçıq vulkanları atlası” elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb
Bakı, 18 may, AZƏRTAC
Dünyada ilk dəfə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) tərəfindən hazırlanmış və İtaliyada çapdan çıxmış “Dünya palçıq vulkanları atlası” yerli və xarici mütəxəssislərin ciddi marağına səbəb olub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, hazırda yeni nəşri əldə etmək üçün müraciətlər edilir.
İnstitut direktorunun elmi işlər üzrə müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov deyib ki, elmi ictimaiyyətdə atlasa bu cür tələbat akademiyada biliklər iqtisadiyyatının formalaşmasına töhfə verə bilər.
Qeyd edək ki, atlasda Alp-Himalay dağları və Sakit okeanın əhatə etdiyi tektonik qurşaqlarda yerləşən 42 ölkədə, habelə Xəzər, Qara və Aralıq dənizlərinin dərinliklərində intişar tapmış palçıq vulkanları üzrə materiallar ümumiləşdirilib, təhlil olunub. Nəşrdə vulkanların morfologiyası, struktur mövqeyi və püskürmə məhsulları ətraflı şərh edilir. Burada yarım əsr ərzində palçıq vulkanlarını öyrənən Azərbaycan alimlərinin əvvəllər əldə etdikləri nəticələr qlobal miqyasda təsdiqini tapır. Belə ki, palçıq vulkanlarının əmələ gəlməsi və təzahür mexanizminin 15-20 kilometr dərinliklərdə gedən geodinamik şərait və termodinamik proseslərlə əlaqədar olması barədə alimlərimizin fikirləri atlasın əhatə etdiyi ölkələrin tədqiqatçılarının məlumatları ilə üst-üstə düşür.
Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev bildirir ki, Yer kürəsində 2500-dən artıq palçıq vulkanı müəyyən edilib. Onların 350-dən çoxu Azərbaycanda yerləşir. Atlasdakı bütün vulkanlar ilk dəfə iki genetik tipə – palçıq vulkanları və palçıq vulkanı təzahürlərinə ayrılır. Buradakı məlumatlar dünya üzrə palçıq vulkanlarına dair 600-dən çox ədəbiyyat materialının tərcüməsi və təhlili nəticəsində əldə olunub. Atlasda 450 rəngli şəkil, o cümlədən xəritə və sxemlər, yer üzərində, peyk və helikopterdən çəkilmiş 340 fotoşəkil, 136 cədvəl verilib.
Atlas hər biri 320 səhifə olan Azərbaycan, ingilis və rus variantlarında hazırlanıb.