DÜNYA
İtaliyada ölkəyə gələnlər üçün karantin öhdəliyinin müddəti uzadılıb

Roma, 5 aprel, AZƏRTAC
İtaliya Pasxa bayramı müddəti üçün nəzərdə tutulan ölkəyə giriş məhdudiyyətlərinin vaxtını aprel ayının sonunadək uzadıb.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqı ölkələrindən İtaliyaya səfər edən şəxslər təkcə müvafiq PCR testi təqdim etməli deyil, eyni zamanda beş gün müddətində özünütəcrid rejimində olmalıdırlar. Həmin müddətin sonunda yenidən testdən keçmək lazımdır və yalnız bundan sonra hərəkət sərbəstliyinə icazə veriləcək. Aprelin 7-dən etibarən İsrail, Böyük Britaniya və Avstriyadan səfər edənlər üçün də bu qaydalar keçərli olacaq. Epidemioloji vəziyyəti nəzərə alaraq, İtaliya səhiyyə qurumları həmin üç ölkədən İtaliyaya səfərə yalnız istisna hallarda və 14 günlük özünütəcrid rejimi ilə icazə verirdilər.
Qeyd edək ki, Pasxa bayramı dövrü üçün tətbiq edilən karantin öhdəliyi ilə İtaliya hökuməti italyanların xaricə səfərlərinin qarşısını mümkün qədər almağa çalışırdı. Aprelin 6-dək sərt karantin rejimində olan İtaliyada sakinlərə öz yaşadıqları məntəqəni tərk etməyə icazə verilmir. Lakin koronavirusla bağlı müvafiq testdən keçən şəxslər “koronasız aviareyslər“lə xaricə uça bilərlər.
İtaliya Otelçilər Birliyi bu qərara qarşı sərt etiraz edib. “Baxmayaraq ki mənim öz yaşadığım məntəqəni tərk etməyimə icazə yoxdur, amma Kanar adalarına tətilə uçmağım mümkündür. İtaliyada 85 faiz otellərin qapalı olduğu hazırkı vəziyyətdə əhaliyə qarşı belə bir qaydanın tətbiqi absurddur”, - deyə təşkilatın prezidenti Bernabo Bokka “Corriere della Sera“ qəzetinə verdiyi müsahibədə hökumətin qərarını tənqid edib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Roma