DÜNYA
İtaliyada qar uçqunu altında qalmış oteldə daha beş cəsəd tapılıb VİDEO
Bakı, 24 yanvar, AZƏRTAC
Ötən çərşənbə günü qar uçqununa məruz qalmış italyan otelinin dağıntıları altında daha beş nəfərin cəsədi tapılıb. Bununla da, faciə qurbanlarının sayı 14-ə çatıb.
AZƏRTAC xəbər verir ki, Rainews24 telekanalının yaydığı məlumata görə, hazırda 15 nəfər itkin düşmüş sayılır, 11 nəfəri xilas etmək mümkün olub.
Xatırladaq ki, yanvarın 18-də İtaliyanın Abruzzo regionundakı Qran-Sasso dağ massivində yerləşən “Rigopiano di Farindola” oteli qar uçqunu altında qalıb. Güman olunur ki, mehmanxana binasının üzərinə sürəti saatda 100 kilometrə çatan 120 min kubmetr qar kütləsi tökülüb. Hadisə vaxtı oteldə 40 nəfərədək insan olub.
Faciə ilə bağlı cinayət işi başlanıb. Otel sahibləri səhlənkarlıqda ittiham olunurlar.
Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam etdirilir.