DÜNYA
İtaliyada sağ mərkəz alyansı Baş nazir postuna namizədin seçilməsi ilə bağlı razılığa gəlib
Roma, 29 iyul, AZƏRTAC
İtaliyada sağ mərkəz alyansın rəhbərləri Baş nazir postuna namizədin seçilməsi ilə bağlı razılığa gəliblər.
AZƏRTAC xəbər verir ki, İtaliyada sentyabrın 25-də keçiriləcək növbədənkənar ümumi seçkilərlə bağlı siyasi partiyaların hazırlıqları sürətlənib.
“İrəli İtaliya” Partiyasının rəhbəri Silvio Berluskoni, “İtaliya Qardaşları” Partiyasının sədri Giorgia Meloni və “Liqa” Partiyasının lideri Matteo Salvini hökuməti formalaşdırmaq üçün birgə hərəkət etməklə bağlı müzakirələr aparıblar. Belə ki, sağ mərkəz ittifaqın rəhbərləri Baş nazir postuna namizədin seçilməsinə dair, eləcə də parlamentdə 221 yerin partiyalar arasında necə bölüşdürülməsi barədə razılığa gəliblər. Müvafiq olaraq, “İtaliya Qardaşları” Partiyası parlamentdə 98, “Liqa” 70, “İrəli İtaliya” Partiyası 42 yerə sahib olacaq, qalan yerlər isə alyansın digər üzvləri üçün ayrılacaq.
Partiya liderləri, həmçinin ittifaq kimi yox, öz partiyalarının loqosu ilə seçkidə iştirak etmək və daha sonra birgə addım atmaq barədə razılığa gəliblər.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma