SİYASƏT


İtaliyada ümummilli lider Heydər Əliyevin əziz xatirəsi yad olunub VİDEO

Roma, 11 may, AZƏRTAC

Azərbaycanın İtaliyadakı Səfirliyində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, İtaliyada yaşayan və təhsil alan soydaşlarımızın da iştirakı ilə reallaşan tədbir ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin quruculuğunda xidmətlərinə, müstəqilliyimizin möhkəmləndirilməsi və inkişafına verdiyi misilsiz töhfələrə həsr edilib.

Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarxın nümayişindən sonra Azərbaycan-İtaliya parlamentlərarası işçi qrupunun sədri Azər Kərimli çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinə rəhbərlik etdiyi müxtəlif tarixi dövrlərdə ali məramının daim xalqımızı və respublikamızı bütün istiqamətlərdə daha güclü və inamlı etmək istiqamətində yorulmaz fəaliyyətlər göstərmək olduğunu bildirib. Həmişə Azərbaycanın gələcəyi haqqında düşünən ulu öndər Heydər Əliyev hələ sovet dönəmində respublikaya başçılıq edərkən diqqətində saxladığı ən vacib məsələlərdən birinin kadr problemi olduğunu söyləyən deputat A.Kərimli Ümummilli Liderin bu məqsədlə mütəmadi olaraq getdikcə daha çox sayda gənclərin ovaxtkı Sovet İttifaqının aparıcı ali təhsil müəssisələrinə göndərdiyini, elə özünün də həmin tələbələrdən biri olduğunu deyib: “Müdrik rəhbərin bu uzaqgörən tədbirləri sayəsində artıq müstəqillik dövründə Azərbaycan böyük bir dəstə bilikli mütəxəssislər qazandı ki, həmin ixtisasların əksəriyyəti heç respublikada tədris edilmirdi”.

A.Kərimli Azərbaycanla İtaliya arasında ildən-ilə dərinləşən dostluq münasibətlərinin və sıx diplomatik əlaqələrin təməlinin də müstəqilliyin bərpasından lap az sonra, məhz Ulu Öndər tərəfindən qoyulduğunu xüsusi vurğulayıb.

Sonra Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, elm, təhsil və media komitəsinin iclaslarında iştirak etmək üçün Romada səfərdə olan Milli Məclisin deputatı, akademik Rafael Hüseynov “Davam edən Heydər Əliyev yolu” adlı məruzə ilə çıxış edərək sözünü müstəqilliyin hər bir xalqın bütün varlığı boyunca qazandığı ən ali nemət olması həqiqətini bir daha ifadə etməklə başlayıb.

Dövlətçi və siyasətçi fəaliyyətləri dövründə ulu öndər Heydər Əliyevin ən kəskin silahının məhz onun sözü olduğunu, aqil rəhbərin polad məntiqi, iti zəkası, zəngin biliyi ilə qovuşaraq milyonları idarə edən bir gücə çevrilən parlaq nitqinin bir tərəfdən onun xalqa bağlılığından, digər yandan böyük müəllimlərdən dərs almasından bəhs edən akademik Rafael Hüseynov deyib: “Ümummilli lider Heydər Əliyev sözə münasibətdə çox həssas idi. Sözün də, söz əhlinin də həm qiymətini, həm yerini, həm də gücünü bilirdi. Çünki ulu öndər Heydər Əliyev özü də böyük söz adamı idi. Qarşısındakını kimliyindən, yaşından, məqamından, çinindən asılı olmayaraq həmişə axıracan, hövsələ ilə dinləməsi də ilk növbədə, ümummilli lider Heydər Əliyevin sözə hörmətindən irəli gəlirdi. Lap cavanlığından Heydər Əliyev zabit poqonları daşımışdı, generallığacan yüksəlmişdi, üstündə silah gəzdirmək hüququ olmuşdu. Ancaq silahı olanda da, olmayanda da o, silahlı idi. Heydər Əliyevin ən misilsiz, daim tən hədəfə vuran silahı söz idi. Ulu öndər Heydər Əliyev elə mahir siyasət sərkərdəsi idi ki, sözün vasitəsilə qalaq-qalaq silahların, sıra-sıra qoşunların görə bilməyəcəyi işləri görməyi bacardı. Onun sözə sayğısının ayrı bir əlaməti ana dilimizi səlis, rəvan, səriştə ilə, sözü incitmədən, sözə sevgi ilə məftunedici cəlbediciliyə malik nitqində canlandırması idi. Heydər Əliyev natiqliyinin bir özəlliyi də vardı. Onun fenomenal yaddaşı barədə rəvayətlər söylənir. Lakin elə iti yaddaşlı adamlar var ki, anbar kimi hər eşitdiyini alıb saxlayır, üst-üstə qalaqlayır, gərək olanda isə həmin qarmaqarışıqlıqdan istədiyini eşib çıxara da bilmir. Heydər Əliyevin kəskin hafizəsinin bir özəlliyi də unutmamaqdan əlavə, yadında saxladıqlarından hər birini məhz zərurət anında elə bir saniyə öncə əli ilə qoyubmuş kimi, dərhal alıb ondan yararlana bilməsi idi. Həmin iti və ani seçmə bacarığı olan hafizəsinin sayəsində ulu öndər Heydər Əliyev dilimizin rəngarəng söz yatırından bir çox yazıçıdan, qəzetçidən, aktyordan da artıq məharətlə bəhrələnə bilirdi. Bunun arxasında, ilk növbədə, zəhmət, alın təri, daim öz üzərində işləmək vərdişləri dayansa da, unudulmaz Heydər Əliyev təvazö ilə əsas səbəbi başlanğıcdan yaxşı müəllimlərinin olmasında görürdü. Əslində, bu da haqq söz idi. Həmin müəllimlərdən birinin, Hüseyn Cavidin böyük qardaşı – müəllimliyindən savayı mütərcim, araşdırıcı, qəzetçi və nəhayət, yalnız yaşadığı Naxçıvanda deyil, bütün Azərbaycanda sayılan bir ziyalı olmuş Şeyx Məhəmmədin arxivini diqqətlə araşdıraraq belə bir qənaətə gəlmişəm ki, qardaşı Cavidin də ilk müəllimliyini etmiş, sonralar məşhurlaşacaq neçə Azərbaycan ziyalısının yetişməsində əvəzsiz xidmət göstərmiş Şeyx Məhəmməd gerçəkdən tayı-bərabəri olmayan müəllim imiş. O cür müəllimin Heydər Əliyev kimi yetirməsi olması, o cür müəllimdən ana dilinin təməl dərslərini alanın ana dilinin ən ali hamisi və keşikçisinə çevrilməsi də bir qanunauyğunluqdur”.

Deputat R.Hüseynov unudulmaz Heydər Əliyevin Azərbaycan dövlətinə başçılıq etdiyi onillər boyunca daim qurub-yaratdığını, onun şah əsərininsə məhz müasir, güclü Azərbaycan olduğunu deyib: “Heydər Əliyevin ilk ali təhsili memarlıq idi. 1930-40-cı illərdə yetərincə məşhur Sənaye İnstitutuna o, memarlıq ixtisasına yiyələnmək arzusu ilə daxil olmuşdu. Müharibə başlanır və onun bu təhsili yarımçıq qırılır, amma hər halda Heydər Əliyev nəticə etibarilə memar oldu. Memar düşüncə tərzi onun təfəkkür tərzinə çevrildi. Görəcəyi hər bir işin ən xırda ayrıntısınacan layihəsi irəlicədən beynində hazır oldu. Ona görə heç vaxt tələsik, qarasına, sonrası necə olacağın fərqinə varmadan addım atmadı. O, millətinin və məmləkətinin yeni tarixinin memarı oldu, güclü Azərbaycanın, müstəqil Azərbaycanın, dünyanın sayğı göstərdiyi, istiqlalı dönməz, iqtisadiyyatı günü-gündən qüdrətlənən çağdaş Azərbaycanın memarı oldu”.

Akademik bu gün dünya boyunca səsi getdikcə daha qüvvətlə ucalan Azərbaycan diasporunun qazandığı belə mütəşəkkilliyin banisinin də Heydər Əliyev olduğunu, Ümummilli Liderin müstəqil Azərbaycan dövlətinə rəhbərlik etməyə başladığı ilk çağlardan səfər etdiyi bütün ölkələrdə mütləq orada yaşayan soydaşlarımızla görüşməyə vaxt ayırdığını, müdam onları Vətən naminə birliyə çağırdığını yada salıb.

R.Hüseynov böyük Heydər Əliyev yolunun Prezident İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirildiyini, məhz bu yolun Azərbaycanı xoşbəxt sabahlara aparan ən doğru və düz yol olduğuna inamını ifadə edib.

Daha sonra Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki mühüm rolu, müstəqilliyimizə qarşı yönəlmiş təhdidlərin qarşısının alınması, ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olması, dövlət institutlarının qurulması, ölkəmizin sosial-iqtisadi tərəqqi və dayanıqlı inkişaf yoluna qədəm qoyması, beynəlxalq münasibətlər sisteminə inteqrasiyası, regional və beynəlxalq nüfuzunun təmin olunması istiqamətində həyata keçirdiyi strategiyası haqda danışıb. Ümummilli lider Heydər Əliyevin xarici siyasətində Azərbaycanın Avropa ölkələri ilə münasibətlərinin qurulması və inkişafına diqqət yetirdiyini deyən səfir bu xüsusda Ulu Öndərin İtaliya ilə əlaqələrə verdiyi önəmi qeyd edib. Diplomat bildirib ki, 1997-ci ildə Ümummilli Liderin İtaliyaya rəsmi səfəri vaxtı keçirdiyi görüşlər və həmin səfər vaxtı imzalanmış sənədlər iki ölkə arasında daim inkişaf edən və çoxölçülü strateji tərəfdaşlığa aparan münasibətlərin bünövrəsini qoyub.

Tədbirin sonunda Ulu Öndərin zəngin həyat təcrübəsinə və dövlətçilik fəaliyyətinə həsr olunmuş və görkəmli Azərbaycan bəstəkarlarının yazmış olduğu mahnılardan ibarət “Şah əsər Azərbaycan” audio albomundan seçmə nəğmələr dinlənilib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.