DÜNYA
İtaliyada vaksinasiyadan keçməsinə baxmayaraq COVID-19-un qurbanı olanların yaş həddi 85-dir
Roma, 20 oktyabr, AZƏRTAC
İtaliyada aparılan elmi araşdırma nəticəsində məlum olub ki, COVID-19 əleyhinə peyvənd olunanların yaşlı və virusa yoluxmadan əvvəl ağır xəstəlikləri olmadıqları təqdirdə onların xəstəlikdən ölmə ehtimalı çox aşağıdır.
AZƏRTAC xəbər verir ki, İtaliya Ali Səhiyyə İnstitutu tərəfindən COVID-19-la bağlı ölümlərə dair müntəzəm olaraq nəşr edilən hesabata görə, ölkədə vaksinasiyadan keçməsinə baxmayaraq koronavirusun qurbanı olanların orta yaş həddi 85-dir. Bu insanlar 5 xroniki xəstəlikdən əziyyət çəkirmiş.
Peyvənd edilməyənlər arasında ölənlərin orta yaş həddi isə 78, əsas xəstəliklərinin sayı dörddür. Vaksinasiyadan keçməsinə baxmayaraq ölənlər əsasən ürək-damar və xərçəng xəstələridir.
Fevralın 1-dən oktyabrın 5-dək aparılan araşdırma ölümündən sonra tibbi məlumatları araşdırılan peyvənd olunmamış 671, hər iki doza vaksin vurulmuş 171 nəfəri əhatə edib. Eyni dövrdə ölkədə COVID-19 səbəbindən 38 min 96 ölüm qeydə alınıb ki, virusun qurbanlarının 33 min 620-sinin vaksinasiyadan keçmədiyi, 2130-nun isə yalnız bir doza vaksin edildiyi və ya ikinci dozadan sonra anticisimlər meydana gəlmədən xəstəliyə yoluxduğu məlum olub. Onlardan 1140-nın hər iki doza peyvənd olunduğu bildirilir.
Qeyd edək ki, İtaliya hökuməti 12 yaşdan yuxarı əhalinin 80 faizinin hər iki doza peyvənd edilməsi hədəfinə bu ayın əvvəlində nail ola bilmişdi.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma