İtaliyada yaşayan azərbaycanlılar Fransa parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qərarını qəti surətdə pisləyir
AzerTAg.az
Bakı, 29 dekabr (AZƏRTAC). İtaliyada yaşayan azərbaycanlılar Fransa Milli Assambleyasının qondarma “erməni soyqırımı” iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qanun qəbul etməsini qəti surətdə pisləyir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan-İtaliya Mədəniyyət Assosiasiyasının Fransa Milli Assambleyası və Senatına ünvanlanmış müraciətlərində deyilir: “1915-ci ildə baş vermiş və təsdiqini tapmamış hadisələrə görə fikrini ifadə etmək azadlığını kobud surətdə pozan bu qanun Fransa kimi çoxəsrlik demokratiya ənənələri olan ölkə üçün yolverilməzdir. Milli Assambleyanın bu qərarı insan haqlarına, demokratik prinsiplərə ziddir”.
Müraciətlərdə vurğulanır ki, tarixdə baş vermiş hadisələr tarixçilər tərəfindən tədqiq olunmalıdır. Fransa parlamentinin heç bir araşdırma aparmadan qəbul etdiyi və türk xalqına ləkə yaxan bu qanun siyasi motivlərdən irəli gələrək verilmiş bir qərardır. Azərbaycan-İtaliya Assosiasiyası tarixdə baş vermiş hadisələri siyasiləşdirməyin yolverilməz olduğunu qeyd edərək Fransa parlamentinin bu qərarının xalqlar arasında barışa və əmin-amanlığa xidmət etmədiyini bildirir.
Bundan əlavə, müraciətlərdə Fransa parlamentinə 20 il bundan əvvəl ermənilərin dinc azərbaycanlılara qarşı törətdiyi və erməni vandallarının əlinin qana batdığını sübuta yetirən faktları, canlı şahidləri olan Xocalı soyqırımını müzakirə etmək tövsiyə olunur.
Müraciətlərdə Fransa parlamentinin qərarının İtaliyada yaşayan azərbaycanlılar tərəfindən kəskin surətdə pislədiyi qeyd olunur və bu qanunun Fransa-Türkiyə, eləcə də Fransa-Azərbaycan münasibətlərinə mənfi təsir göstərəcəyi bildirilir.
Xəbərin mətnində orfoqrafik səhv var