İtaliyada yeni hökumətin formalaşdırılması Avropa Mərkəzi Bankının sabiq rəhbərinə həvalə olunub
AzerTAg.az

Roma, 3 fevral, AZƏRTAC
Hökumət böhranı yaşanan İtaliyada Prezident Sercio Mattarella Avropa Mərkəzi Bankının keçmiş rəhbəri Mario Draqiyə milli birlik hökumətinin formalaşdırılması üçün mandat verib.
AZƏRTAC xəbər verir ki, Baş nazir Cüzeppe Kontenin rəhbərliyi ilə hökumətin fəaliyyətini davam etdirmək üçün kifayət qədər siyasi dəstək olmadığına görə dövlət başçısı bu addımı atmaq qərarına gəlib. Prezident Administrasiyasının məlumatında qeyd olunur ki, M.Draqinin quracağı ekspertlər hökuməti ölkəni koronavirus böhranından və iqtisadi tənəzzüldən qurtara bilmək üçün siyasi partiyaların lazımi dəstəyini qazana biləcək.
Əgər M.Draqinin quracağı hökumət uğur qazana bilməsə, o zaman ən geci iyunda ölkədə növbədənkənar parlament seçkiləri keçirilməlidir. S.Mattarella isə böhran dövründə seçkilərin keçirilməsi variantını məqbul hesab etmir və buna görə ən qısa zamanda hökumətin formalaşmasını istəyir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Xəbərin mətnində orfoqrafik səhv var