DÜNYA
İtaliyada yeni hökumətin formalaşdırılması üçün siyasi proses son mərhələyə qədəm qoyub
Roma, 30 yanvar, AZƏRTAC
İtaliyada Baş nazir Cüzeppe Konte istefa verdikdən sonra dövlət başçısı Sercio Mattarella ölkənin aparıcı siyasi düşərgələri ilə yeni hökumətin formalaşdırılması üçün danışıqları yekunlaşdırıb.
AZƏRTAC xəbər verir ki, danışıqlar başa çatdıqdan sonra 79 yaşlı dövlət başçısı Parlamentin Aşağı Palatasının sədri Roberto Fikoya parlamentdəki siyasi qruplarla müzakirələr üçün mandat verib. R.Fiko fevralın 2-dək bu danışıqlar çərçivəsində istefa vermiş Baş nazir Cüzeppe Kontenin indiyədək rəhbərlik etdiyi hökuməti dəstəkləyən siyasi qrupların parlamentdə əksər səs çoxluğuna malik olub-olmayacağını müəyyənləşdirməlidir.
Ölkə Prezidenti mətbuata verdiyi açıqlamada bildirib ki, onun apardığı üçgünlük danışıqlar əsnasında parlamentdə belə bir imkanın mövcud ola biləcəyi təəssüratı yaranıb. Yanvarın 29-da S.Mattarella C.Konte hökumətinin onurğa sütununu təşkil edən “Beş ulduz hərəkatı”nın təmsilçiləri ilə yanaşı, müxalif düşərgəni özündə birləşdirən mərkəz-sağçı blokun nümayəndələrini qəbul edib.
“Beş ulduz hərəkatı“nın nümayəndələri partiyanın C.Kontenin siyasi kursunu dəstəklədiklərini və onu yeni qurulacaq hökumətin başında görmək istədiklərini ifadə ediblər. Partiyanın sədr əvəzi Vito Krimi bildirib ki, C.Konte ölkəni hazırkı mürəkkəb dövrdə idarə edə biləcək yeganə şəxsdir, irəliyə doğru birgə addım atmaq və məsuliyyətli olmaq üçün əsl məqam yetişib. Mərkəz-sağçı blok adından çıxış edən Matteo Salvini isə dövlət başçısından parlamenti buraxmağı və növbədənkənar seçkilərin keçirilməsi imkanını nəzərdən keçirməyi xahiş edib. Blokda təmsil olunan bütün partiyalar köhnə hökumətin yeni formatda fəaliyyətini davam etdirməsini dəstəkləməyəcəklərini elan ediblər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Roma