REGİONLAR


İtaliyadan idxal edilmiş dekorativ bitkilərdə növbəti dəfə zərərli orqanizm aşkarlanıb

Bakı, 23 oktyabr, AZƏRTAC

İtaliyadan ölkəmizə idxal edilən “Pittosporum tobira Ball.” adlı dekorativ bitkilər üzərində növbəti dəfə karantin tətbiq edilən zərərli orqanizm aşkarlanıb.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Bakı-Abşeron rayonlararası Bitki Karantin Məntəqəsinin müfəttişləri tərəfindən həyata keçirilən növbəti fitosanitar baxış zamanı götürülmüş nümunələrin Respublika Karantin Ekspertiza Mərkəzində ekspertizası zamanı aşkar edilmiş zərərli orqanizmin karantin tətbiq edilən Avstraliya şırımlı yastıcası olması təsdiqlənib.

Zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq, Dövlət Xidməti tərəfindən sirayətlənmiş bitkilərin məhv edilməsinə qərar verilib və bitkilər karantin tədbirləri sisteminə riayət edilməklə Sumqayıt şəhərinin “Təmizlik Departamenti” MMC-nin poliqonunda məhv olunub.

Qeyd edək ki, Avstraliya şırımlı yastıcası bəzək və dekorativ bitkilərlə yanaşı, sitrus bitkilərinin, çəyirdəkli və tumlu meyvə ağaclarından isə şaftalı, gavalı və armudun təhlükəli zərərvericisi hesab olunur. Zərərverici Avropa, Afrika, Şimali, Cənubi və Mərkəzi Amerika, Avstraliya və Okeaniyada yayılıb. Yastıcanın zədələdiyi kol və ağacların yarpaqları mövsümündən əvvəl tökülür, fotosintez prosesi zəifləyir, məhsuldarlıq aşağı düşür və ağacların qısa müddətdə quruyub sıradan çıxmasına səbəb olur.

Aşkar olunmuş uyğunsuzluq barədə İtaliya Respublikasının Milli Bitki Mühafizəsi Təşkilatına və Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatına növbəti dəfə notifikasiya göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.