İDMAN
İtaliyalı Antonio Covinatsi GP2 yarışında ikinci qələbəsini qazanıb - YENİLƏNİB
GP2 seriyasının ikinci yarışı da italiyalı pilot Antonio Covinatsinin qələbəsi ilə başa çatıb.
Birinci yarışda olduğu kimi, bu dəfə də “Prema Racing” komandasının pilotu 1 dəqiqə 56,439 saniyə nəticə ilə qalib gəlib. Onun komanda yoldaşı Pyer Qasli ikinci, “ART Grand Prix” kollektivinin pilotu Sergey Sirotkin isə üçüncü olub.
Qaliblərə kuboklar təqdim olunub.
x x x
14:01
Bakı, 19 iyun, Səxavət Quliyev, AZƏRTAC
İyunun 19-da saat 14:00-da Bakıda keçirilən Formula-1 Avropa Qran-prisinin yekun mərhələsi start götürüb.
AZƏRTAC xəbər verir ki, əsas yarışdan əvvəl GP2 pilotları sonuncu dəfə Bakı trekinə çıxıblar. Onlar Formula-1ə dəstək məqsədilə keçirilən yarışda ikinci yürüşlərini keçirirlər.
Yarışda bolidlərin start düzülüşü iyunun 18-də keçirilən yürüşdə müəyyənləşib. Belə ki, dünənki yarışda 1-8-ci pillələrdə yer alan sürücülər bu dəfə əks qaydada start xəttinə çıxıblar. Digərləri isə birinci yarışın nəticələrinə uyğun olaraq düzülüblər.
Pilotlar bolidləri ilə 45 dəqiqə ərzində 120 kilometr məsafə qət edəcəklər. Bundan əlavə, poul vəziyyəti qazanan pilot əlavə olaraq, 4 xal, hər iki yarışda sürətli dövrə vuran pilotlar isə 2 xal qazanırlar.
GP2 iştirakçılarının ilk yürüşündə “Prema Racing” komandasından Antonio Covinatsi finişə birinci çatmışdı. “ART Grand Prix” komandasının üzvü Sergey Sirotkin ikinci, “Russian Time” komandasının pilotu Rafael Marçello isə üçüncü olmuşdu.