SİYASƏT


İtaliyalı deputatlar Ermənistanın Gəncəyə raket hücumlarını pisləyiblər

Bakı, 13 oktyabr, AZƏRTAC

İtaliyalı deputatlar Ermənistanın Azərbaycanın Gəncə şəhərinə raket hücumlarını pisləyiblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, İtaliyanın “Liqa” partiyasından senator və deputat, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun sədri, Senatın Xarici əlaqələr komissiyasının üzvü Stefano Lucidi, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədri Rossana Boldi və senator, “İrəli İtaliya” siyasi qrupunun sədr müavini, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədr müavini Maria Rizzotti kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəslə bağlı razılığı kobud şəkildə pozaraq Azərbaycanın müxtəlif yaşayış məntəqələrini çoxsaylı mülki şəxslərin həlak olması və yaralanması ilə nəticələnmiş raket atəşinə tutmasını qəti şəkildə pisləyən bəyanat yayıblar.

Senator Stefano Lucidi bu mövzu ilə bağlı açıqlamasında İtaliya hökumətinin Moskvada əldə olunan atəşkəsin Ermənistan tərəfindən pozulmasını qəti şəkildə pisləməli olduğunu deyib. Senator bu bölgədə sabitliyin təmin olmasının istər əhalinin təhlükəsizliyi, istərsə də İtaliyanın maraqları baxımdan çox vacib olduğunu vurğulayıb.

Senator Maria Rizotti bəyanatında bildirib ki, Azərbaycan hərbi təcavüzə məruz qalmış ölkə olmasına baxmayaraq, beynəlxalq ictimaiyyətin atəşkəslə bağlı çağırışlarını qəbul edib. Son 24 saat ərazində baş verənlər Ermənistanın atəşkəsi kobud şəkildə pozaraq gərginliyi artırmasına növbəti bir sübutdur. Ermənistanın raket hücumları nəticəsində 10 mülki şəxs həlak olub və aralarında azyaşlı uşaqlar da olmaqla 34 nəfər yaralanıb.

İtalyan senator qeyd edib ki, Azərbaycan əhalisinə qarşı soyqırımı və müharibə cinayətləri törədən Ermənistan silahlı qüvvələrini dərhal dayandırmaq mənəvi öhdəlikdir.

Senator bəyanatının sonunda beynəlxalq ictimaiyyəti və İtaliya hökumətini Azərbaycan xalqına qarşı bu vəhşi hərəkətləri qəti şəkildə pisləməyə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistandan öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmağı tələb etməyə çağırış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.