REGİONLAR
İtaliyalı diplomat: Naxçıvan mədəni zənginliyinə görə çox nadir bir məkandır
Naxçıvan, 25 sentyabr, AZƏRTAC
Naxçıvana ilk dəfədir səfər edirəm. Bu qədim diyar bura birinci dəfə gələn insanlarda elə ilk andan xoş təsir bağışlayır. Təmiz hava, səliqə-sahman, qonaqpərvərlik, əmin-amanlıq Naxçıvanın cazibəsini daha da artırır.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində İtaliyanın Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini Umberto Boeri deyib.
Diplomat qeyd edib ki, səfər müddətində yerli sakinlərin qonaqpərvərliyi, mehribançılığı ilə əhatə olunub: “Göstərilən qonaqpərvərlik məni çox məmnun etdi. Xüsusilə yerli restoranların birində yemək yeyərkən italyan musiqisinin səsləndirilməsi mənim üçün gözlənilməz oldu. Özümü sanki ölkəmdə hiss etdim”.
O vurğulayıb ki, Naxçıvan mədəni zənginliyinə görə nadir bir məkandır. “Səmimi etiraf edim ki, gələcəkdə vaxtım olarsa, buraya tez-tez gəlməyi düşünürəm”, - deyə diplomat qeyd edib.
Xatırladaq ki, Azərbaycanda akkreditə olunmuş Avropa İttifaqı ölkələrinin diplomatik missiyalarının rəhbərləri və nümayəndələri sentyabrın 21-dən 23-dək Naxçıvanda keçirilən “Avropa günləri” çərçivəsində bu qədim diyarda səfərdə olublar.