SİYASƏT


İtaliyalı jurnalist: Azərbaycandakı multikulturalizm ənənələri bütün dünya üçün nümunədir VİDEO

İtaliyanın “LUMSA” Universitetində “İtaliyadan Azərbaycana baxış” kitabının təqdimatı olub

Roma, 20 dekabr, AZƏRTAC

İtaliyanın “LUMSA” Universitetində Beynəlxalq Siyasət və İqtisadi Araşdırmalar İnstitutunun (İREPİ) rəhbəri, jurnalist Domeniko Letizianın müəllifi olduğu “İtaliyandan Azərbaycana baxış” (Uno sguardo dell'Italia sull'Azerbaigian) adlı kitabın təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, “Antonio Stango” nəşriyyat evi tərəfindən nəşr edilmiş kitab Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanının iqtisadi inkişafı, İtaliya və Azərbaycan arasında əlaqələr, Azərbaycanın multikulturalizm modeli və ölkəmizdə gender bərabərliyi mövzularında İtaliyanın müxtəlif kütləvi informasiya vasitələrində dərc olunmuş məqalə və müsahibələrinin toplusundan ibarətdir.

Tədbiri giriş sözü ilə açan LUMSA Universitetinin rektoru professor Francesko Bonini kitabın təqdimatının rəhbərlik etdiyi universitetdə keçirilməsindən məmnunluğunu bildirib.

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə tədbirin təşkilinə görə İtaliyanın LUMSA Universitetinin rəhbərliyinə, habelə müəllifə öz təşəkkürünü bildirib. Bu kimi tədbirlərin xalqlarımızın bir-birinə daha da yaxınlaşdırılması, ölkəmizin İtaliya ictimaiyyətinə yaxından tanıdılması baxımından əhəmiyyətini vurğulayıb, habelə kitabda ölkəmizlə bağlı əks olunmuş mövzular barədə danışıb. Azərbaycan-İtaliya əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığını söyləyən diplomat ikitərəfli münasibətlərin müxtəlif sahələr üzrə yüksələn xətlə inkişaf etdiyini bildirib.

İtaliyalı jurnalist Domeniko Letiziya son illərdə Azərbaycanla bağlı müxtəlif mövzular üzrə apardığı tədqiqatlar, ölkəmizə bir neçə dəfə həyata keçirdiyi səfərlər barədə danışıb, indiyə qədər dərc olunmuş yazılarını bir kitab formasında italyan oxucularına təqdim etməkdən məmnun olduğunu söyləyib. D.Letiziya Azərbaycandakı multikulturalizm ənənələrinə heyran qaldığını söyləyib və bunun bütün dünya üçün nümunə olduğunu deyib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan müəllif BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə baxmayaraq, Azərbaycan torpaqlarının 20 faizinin hələ də Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanıldığını bildirib, hərbi işğal vaxtı dinc azərbaycanlılara qarşı törədilmiş cinayətlər, o cümlədən Xocalı soyqırımı barədə məlumat verib.

Azərbaycan-İtaliya əməkdaşlığına da toxunan müəllif Azərbaycanı İtaliya üçün önəmli tərəfdaş kimi xarakterizə edib, əlaqələrin daha da inkişafı üçün mövcud potensialdan danışıb.

Elmi-akademik, mədəniyyət dairələrinin nümayəndələrinin və LUMSA Universitetinin tələbə müəllim heyətinin iştirak etdiyi tədbirdə, həmçinin kitabın redaktoru Antonio Stanqo və universitetin professoru Orta Şərq və Aralıq Dənizi araşdırmaları kursunun rəhbəri Franz Martinelli də çıxış ediblər.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.