İtaliyalı plastik-cərrah Azərbaycan Tibb Universitetində pasiyentləri qəbul edir
AzerTAg.az
Bakı, 23 oktyabr, AZƏRTAC
Xəbər verildiyi kimi, İtaliyanın tanınmış plastik cərrahı Alessandro Marano artıq Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında pasiyentləri qəbul edir.
AZƏRTAC xəbər verir ki, əsasən üz-çənə nahiyyəsinin patologiyalarının diaqnostikası və terapiyasını həyata keçirən, tibbi və cərrahi müdaxilələrlə məşğul olan cərrah ATU-nun mətbuat xidmətinə müsahibə verib.
Həkim deyib: “Plastik cərrahiyyə bədəndə mövcud və ya hansısa xəstəliyin fəsadı olaraq meydana çıxan müxtəlif qüsurların bərpası və müalicəsi ilə məşğul olan elmdir. Əlbəttə ki, cərrahiyyənin digər növləri kimi, plastikada da problemin növündən asılı olaraq, siqaret çəkənlər, müxtəlif xəstəlikləri olan və əvvəlki əməliyyatlarında mənfi nəticə alanlara daha çox qadağalar qoyulur və mövcud struktur qorunaraq lazımı nəticə əldə olunmağa çalışılır. Gənc görünüş əldə etmək istəyənlərin isə qüsurlarını təbii yolla bərpa edərək, onları daha az görünən hala gətirmək mümkündür. Lakin onu da qeyd edim ki, heç bir prosedur yasla əlaqədar meydana çıxan fiziki dəyişikliklərin qarşısını tam ala bilməz.
Hər bir cərrahi müdaxilənin risk dərəcəsi var. Biz bütün xəstələrə xüsusi qayğı ilə yanaşırıq. Qeyd etmək istəyirəm ki, 18 yaşa qədər olan xəstələrdə sümüklər inkişaf edir. Bu yaşda insanlarda yalnız dovşandodaqlılıq erkən bərpa etmək mümkündür”.
Cərrah həmçinin rinoplastikadan sonra meydana çıxan nəfəsalma qüsurlarının aradan qaldırılması ilə də məşğul olduğunu bildirib.

Xəbərin mətnində orfoqrafik səhv var