REGİONLAR
İtaliyalı qonaq: Qax ilə Bormio şəhərlərinin qardaşlaşması gələcək əməkdaşlıq üçün yaxşı imkanlar açır VİDEO
Qax, 2 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Mən İtaliyanın Valtellina bölgəsinin yerli özünüidarəetmə orqanlarını təmsil edirəm. Füsunkar təbiəti olan ölkənizə səfərimdən məmnunam. Təmsil etdiyim bölgə ilə Azərbaycanın Qax rayonunun bir çox oxşar cəhətləri var. Yenicə yaranan bu dostluqdan çox şey gözləyirik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri İtaliyanın Valtellina bölgəsində 250 min nəfər əhalinin yaşadığı 78 bələdiyyəni özündə birləşdirən Bələdiyyələr Assosiasiyasının rəhbəri xanım Karla Çioccarelli Qaxda jurnalistlərə müsahibəsində bildirib.
Qax və İtaliyanın Bormio şəhərlərinin qardaşlaşmasının gələcək əməkdaşlıq üçün yaxşı imkanlar açdığını vurğulayan italiyalı qonaq deyib: “Bu əməkdaşlıq iqtisadi, turizm və incəsənət sahələrini əhatə edə bilər. Eyni zamanda, müxtəlif şirkətlər arasında əlaqələrin yaranması da gözlənilir”.
Xanım Çioccarelli bildirib ki, hazırda Bakı ilə İtaliyanın Milan şəhərləri arasında birbaşa hava nəqliyyatı əlaqəsi mövcuddur. Hər iki ölkənin iş adamları çox vaxt itirmədən biri-biri ilə görüşə və bu əməkdaşlığı daha da inkişaf etdirə bilərlər. Qonaq Azərbaycan hökumətinin hazırda iş adamları üçün tətbiq etdiyi vergi güzəştlərinin də bu əlaqələrin yaranmasında çox böyük əhəmiyyəti olacağını vurğulayıb.