İtaliyalı tədqiqatçılar Azərbaycana böyük maraq göstərirlər VİDEO
AzerTAg.az
Roma, 3 dekabr, AZƏRTAC
Romadakı La Sapienza Universitetində Azərbaycan və Qafqaz üzrə Gənc İtalyan Tədqiqatçılar Assosiasiyasının (ASSAC) illik konfransı keçirilib.
ASSAC-ın prezidenti, professor Daniel Pommierin və vitse-prezidenti, professor Andrea Karteninin moderatorluğu ilə keçirilən tədbirdə qurumun fəaliyyəti, il ərzində Assosiasiyanın üzvü olan gənc tədqiqatçıların əldə etdikləri uğurlar haqqında məlumat verilib.
La Sapienza Universitetinin Avrasiya, Aralıq dənizi və Afrika ilə Əməkdaşlıq üzrə Tədqiqat Mərkəzinin elmi direktoru, professor xanım Covanna Motta çıxış edərək italiyalı tədqiqatçıların dünyanın aparıcı ölkələri ilə bağlı araşdırmalar aparmağa maraq göstərdiklərini deyib. Bildirib ki, bu ölkələrdən biri olan Azərbaycan ilə münasibətlər La Sapienza Universitetinin beynəlxalq əlaqələrində vacib yer tutur.
La Sapienza Universitetinin prorektoru Karlo Musto təmsil etdiyi təhsil ocağının beynəlxalq əlaqələri genişləndirməyə önəm verdiyini vurğulayıb. Ali təhsil ocağının ASSAC ilə əlaqələrinin bundan sonra daha da genişlənəcəyinə əminliyini bildirən K.Musto qeyd edib ki, gələcəkdə bu münasibətlər iki ölkə arasında elm sahəsində əməkdaşlığa töhfəsini verəcək.
Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov aparıcı tədqiqatçıların bir araya gəldikləri tədbiri önəmli hadisə kimi qiymətləndirib. Azərbaycan-İtaliya əlaqələrinə toxunan səfir cari ilin iyulunda Prezident İlham Əliyevin İtaliyaya səfərinin bu münasibətlərin daha da genişləndirilməsinə təkan verdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, səfər zamanı qəbul olunmuş Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli əlaqələrimizin müxtəlif aspektlərini əhatə etməklə əməkdaşlığımızı daha yüksək mərhələyə doğru aparır.
Ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən danışan V.Sadıqov Bakıda keçirilmiş gənclər siyasəti üzrə birinci Qlobal Forumu bu baxımdan önəmli göstərici kimi dəyərləndirib. Bildirib ki, Azərbaycan hökuməti gənc tədqiqatçıların məhsuldar fəaliyyət göstərmələri üçün hər cür şəraitin yaradılmasına xüsusi önəm verir. Səfir Azərbaycanın təhsil sistemi, gənclərin xaricdə təhsil almaları üçün yaradılan imkanlar və onların ictimai həyatın bütün sahələrində fəal iştirakı ilə bağlı ətraflı məlumat verib.
Tədbirdə çıxış edən La Sapienza Universitetinin prorektoru Antonello Biagini vurğulayıb ki, son illərdə təmsil etdiyi təhsil ocağı Azərbaycan ilə birgə bir çox layihələr reallaşdırmaqdadır. Ölkəmizə səfərini xatırladan A.Biagini Azərbaycan xalqının necə qonaqpərvər olduğunu diqqətə çatdırıb. O deyib: “Azərbaycanda gənclərə xüsusi diqqət və qayğı göstərilir. Avropa ilə Asiya arasında körpü rolunu oynayan Azərbaycan multikonfessional bir ölkədir. Ümumiyyətlə, bu ölkə digər dövlətlərə nümunədir. İtaliyalı gənc tədqiqatçılar ASSAC vasitəsilə öz fəaliyyətlərini uğurlu şəkildə reallaşdıra bilərlər”.
Daha sonra italiyalı gənc tədqiqatçılar “Post-bipolyar sistemdə Cənubi Qafqaz ssenarisi. Rəsmi Bakının multivektorial xarici siyasətinin mahiyyəti”, “Xəzərdən Aralıq dənizinədək. Azərbaycanın enerji siyasəti”, “Azərbaycan və Xəzəryanı ölkələr”, “Azərbaycanda mədəni diplomatiya və gənclər siyasəti” və digər mövzularda məruzələrlə çıxış ediblər.
Tədbir çərçivəsində La Sapienza Universitetinin nəzdində Azərbaycan üzrə Araşdırmalar və Tədqiqatlar Mərkəzinin açılışı olub. Bildirilib ki, mərkəzin açılması iki ölkə arasında yüksək səviyyəli əlaqələrin nəticəsidir. Qurum birgə önəmli layihələr reallaşdırmağa və qarşılıqlı təcrübə mübadiləsinə xidmət edəcək.
Sonda ASSAC-ın veb-saytının (http://www.assac.org/ ) təqdimatı keçirilib. Diqqətə çatdırılıb ki, saytda Azərbaycan, Qafqaz və Xəzər bölgəsi ilə bağlı tədqiqatçıların öz araşdırmalarında istifadə edə biləcəyi faydalı məlumatlar toplanıb. Saytda, həmçinin ölkəmizlə bağlı keçiriləcək tədbirlərin anonsları, italiyalı gənc mütəxəssislərin tədqiqatları və digər önəmli informasiyalar yerləşdirilir.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Xəbərin mətnində orfoqrafik səhv var